Azərbaycan Meksika ilə seysmologiya sahəsində əməkdaşlığı genişləndirəcək

Google+ Pinterest LinkedIn Tumblr +

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Mərkəzin İnformasiya şöbəsindən Biosfer.az-a bildirilib ki, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonağı Monitorinq Mərkəzi ilə tanış edib. RSXM-nin respublika ərazisindəki seysmik stansiyalarından alınan məlumatların peyk vasitəsilə birbaşa Monitorinq Mərkəzinə ötürüldüyünü bildirən baş direktor həmin məlumatların emalının da burda aparıldığını qeyd edib. Daha sonra qonağa Respublika Seysmoloji Xidmət Mərkəzinin işi və burada aparılan elmi tədqiqatlarla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, RSXM-də kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar aparılır. Hazırda mərkəzin respublika ərazisində 62 seysmik stansiyası fəaliyyət göstərir ki, onlardan 35-i daimi seysmik stansiyalardır. Bundan başqa, respublika ərazisində 5 geofiziki, 6 geokimyəvi, 24 GPS stansiyaları da fəaliyyət göstərir.

Baş direktor, həmçinin mərkəzin beynəlxalq təşkilatlardakı fəaliyyəti və xarici ölkələrlə əməkdaşlıq məsələlərinə də toxunub. RSXM-nin ABŞ-ın “Kinemetrics” şirkəti ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Qurban Yetirmişli, təşkilatın Amerikanın nüfuzlu universitetləri ilə də əlaqələrinin olduğunu qeyd edib. Bildirilib ki, hazırda mərkəz altı beynəlxalq seysmoloji təşkilatın üzvüdür və 20-dan artıq xarici ölkə ilə ikitərəfli əməkdaşlıq edir.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev səfirə 2018-ci ildə AMEA-da qonaq olarkən müzakirə olunan əməkdaşlıq məsələlərini xatırladıb. Bildirib ki, həmin müzakirələr zamanı ölkələrimiz arasında elmi əməkdaşlığın qurulması, eləcə də kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulsa da sonradan dünyada pandemiya təhlükəsinin yaranması bu məsələləri bir qədər ləngidib. Meksikanın seysmik baxımdan aktiv bölgədə yerləşdiyini qeyd edən akademik bildirib ki, iki ölkənin elmi tədqiqat institutları arasında seysmologiya ilə yanaşı, neft geologiyası, palçıq vulkanlarının öyrənilməsi və s. istiqamətlərdə də əməkdaşlığın qurulması mümkündür. Respublika Seysmoloji Xidmət Mərkəzinin fəaliyyətinə toxunarkən AMEA-nın birinci vitse-prezidenti deyib ki, mərkəz nəinki MDB məkanında, Yaxın Şərq ölkələri arasında da aparılan tədqiqatların dəqiqliyinə görə liderdir. Mərkəzdə yüksək hazırlıqlı kadr potensialının çalışdığını qeyd edən akademik İbrahim Quliyev iki ölkə arasında kadrların təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü də istisna etməyib.

Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini isə öz çıxışında RSXM-də gördüyü işlərdən yaxşı mənada təəccübləndiyini bildirib. Azərbaycanla Meksika arasında əlaqələrin inkişaf etdiyini vurğulayan səfir bu əlaqələrin daha da genişləndirməyə maraqlı olduqlarını söyləyib. Onun sözlərinə görə, Meksikanın Milli Seysmoloji Xidməti və bu sahə ilə məşğul olan digər qurumlarla RSXM arasında ikitərəfli əlaqələr qurula bilər. Qonaq, həmçinin elmi kadrların hazırlanması, zəlzələlərin öyrənilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü də istisna etməyib.

AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli bu ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatlarından sonra Azərbaycan ordusunun Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdə apardığı əks-həmlə əməliyyatları barədə qonağı məlumatlandırıb. Ermənistan rəhbərliyinin və ordusunun regionda təkcə Azərbaycan yox, bütün region üçün terror mənbəyi və təhlükə olduğunu qeyd edən baş direktor Ermənistan tərəfindən Azərbaycanda mülki əhalinin hədəf seçilməsinə diqqət çəkib. O bildirib ki, cəbhədə Azərbaycan əsgəri ilə döyüşməkdən qaçan düşmən ölkənin hərbi qüvvələri cəbhə xəttindən kənarda olan yaşayış məntəqələrini hədəf seçməklə öz mahiyyətlərini bir daha ortaya qoyurlar. Oktyabrın 27-28-də Ermənistan tərəfi Azərbaycanın Bərdə rayonunun Qarayusifli kəndinə və Bərdə şəhərinə qadağan olunmuş ballistik raketlər ataraq mülki əhalini hədəf seçib. Nəticədə mülki vətəndaşlar həyatlarını itiriblər.

Baş direktor, həmçinin ermənilərin bundan əvvəl Gəncə şəhərində, Tərtərdə, Bərdə, Naftalan və digər şəhər və rayonlarımızda törətdiyi terror aktlarını da qonağa xatırladıb. Qurban Yetirmişli baş verən hadisələrə beynəlxalq birliyin lazımi qiymət vermədiyini diqqətə çatdıraraq, bu işdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarının da həqiqəti öz ölkələrinə çatdırmasının vacib olduğunu qeyd edib.

Daha sonra qonağa RSXM-nin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

Paylaş