İyunun ilk ongünlüyündə hava necə olacaq?

Google+ Pinterest LinkedIn Tumblr +

Bu ilin may ayı küləkli günlərlə zəngin oldu. Ayın 31-də də yaz bizimlə küləkli hava ilə vidalaşdı. Ay ərzində güclü küləkli (sürəti 15 metr/saniyədən artıq) günlərin sayı 16-ya çatdı. Bunlardan sürəti saniyədə 25 metrdən çox olan günlərin sayı 4 gün oldu. İki gün ərzində küləyin sürəti 35, bir gün ərzində isə 38 metr/saniyəyədək şiddətləndi.

Biosfer.az xəbər ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

U.Tağıyeva qeyd edib: “Ayın ən isti günü 32° ilə mayın 23-ü, ən soyuq günü isə 14.3° ilə mayın 10-u oldu. Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib.

Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, Mərkəzi Aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faizini təşkil edib, Quba- Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub.

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir. 2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2° yüksək olub; 2001, 2002, 2003 və 2008 –ci illərdə isə iyun ayı nisbətən sərin keçib.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecələr 19-24°, gündüzlər 26-31°, bəzi küləksiz və isti günlərdə 35-38°-dək yüksələcəyi gözlənilir.

Respublikanın Aran bölgəsində maksimal temperaturun 30-35°, bəzi günlərdə 37-39°, dağlıq rayonlarda 19-24°, bəzi günlərdə 28-30° isti olacağı proqnozlaşdırılır.

Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur.

İlk ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi ehtimal edilir”.

Paylaş