Plastik və polietilen məhsullar parçalanmır, əvəzində zəhərli hissəciklərə ayrılır

Google+ Pinterest LinkedIn Tumblr +

Fevralın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılmasında marketlərin rolu mövzusunda görüş olub. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri və iri marketlər şəbəkələrinin nümayəndələri iştirak ediblər.

Biosfer.az xəbər verir ki, nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova plastik və polietilen məhsulların ətraf mühiti çirkləndirmək, şəhərin gözəlliyini korlamaqla yanaşı, bioloji müxtəlifliyə zərər verdiyini də deyib: “Heyvanlar plastik məhsulları qida ilə səhv salır və nəticədə hər il 100 min heyvan bu səbəbdən ölür. Heyvanların ölümündən sonra parçalanmamış qalan plastikləri digər heyvanlar yeyir və nəticədə “ölüm zənciri” yaranır.

Polietilen torbalar və plastik butulkalar parçalanmır, əvəzində torpaq və su yollarını çirkləndirən zəhərli hissəciklərə – mikroplastlara ayrılır”.

Nazirliyin nümayəndəsi plastik və polietilen məhsulların istifadəsinin azaldılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib: “Bir sıra marketlərdə plastik və polietilen məhsulların əvəzləyicilərinin təbliği məqsədilə maarifləndirici aksiyalar keçirilib. “Yaşıl fikirlə sağlam gələcəyə doğru”, “Təbiəti qoru, özünü qoru” şüarı ilə təşkil olunan aksiyalar zamanı polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə üstünlük vermək məqsədilə bir neçə marketdə alıcılara ekoçantalar paylanılıb. Bəzi supermarketlər şəbəkəsində qarğıdalı və kartofdan hazırlanan biopaketlərin təqdimat mərasiminin keçirilməsi sellofan paketlərdən imtinanın əhəmiyyətini bir daha gündəmə gətirib”.

Tədbir zamanı iri marketlər şəbəkələrinin nümayəndələrinə plastik və polietilen məhsulların istifadəsinin azaldılmasına istiqamətlənmiş təkliflər də irəli sürülüb. Təkliflər arasında satıcılara polietilen torbalardan və plastik qablaşdırma məhsullarından istifadənin məhdudlaşdırılması istiqamətində təlimlər keçirilməsi, ekoloji təmiz çantaların satışına daha çox şərait yaradılması, onların satışı üçün daha çox rəfin ayrılması, ekoçantaların və biopaketlərin kassalara daha yaxın və müştərilərin diqqətini dərhal cəlb edəcək yerlərdə satışlarının təmin edilməsi, bir dəfə istifadəyə yararlı olan plastik qabların satışının məhdudlaşdırılması, ekoçantaların alınması üçün müəyyən güzəştlərin və endirim aksiyalarının tətbiqi, satıcıların müştəriləri ekoçantaların və biopaketlərin satışına sövq etməsi yer alıb.

Nazirliyin əməkdaşı Adil Zeynalov bildirib ki, Prezident İlham Əliyev ötən il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu məsələ ilə bağlı dövlət səviyyəsində məsələ qaldırılıb. Nazirlik istehsalçı və təkrar emalçılarla görüşlər keçirib.

A.Zeynalov cəmi 15-20 dəqiqə ərzində istifadə olunan plastik və polietilen məhsulların ətraf mühitə vurduğu ziyanlardan da söhbət açıb.

Görüşdə iştirak edən marketlər şəbəkələrinin əməkdaşları ətraf mühitin mühafizəsinə maraqlı olduqlarını, təmsil etdikləri marketlərdə maarifləndirmə aksiyalarının alıcılar tərəfindən maraqla qarşılandığını deyiblər. Onlar alıcıların diqqətinin ekoçantalara cəlb edilməsi üçün müxtəlif addımlar atılacağını qeyd ediblər.

Marketlər şəbəkələrindən birinin nümayəndəsi Billurə Əmirova polietilen və plastik məhsulların ətraf mühitə vurduğu zərərlərdən və onun qarşısının alınması istiqamətində təmsil etdiyi marketlər şəbəkəsində görülən maarifləndirici işlərdən danışıb: “Ötən il alıcılarımıza polietilen paketlərlə yanaşı, eko və biopaketlər də təqdim etdik. Həmin ekoloji təmiz çantalar müəyyən ödəniş məbləğində təklif olundu. Lakin ola bilər ki, gələcəkdə onlar alıcılara ödənişsiz olaraq təqdim edilsin. Bu da polietilen torbalar ödənişli olsa və ölkədəki bütün marketlər şəbəkəsi polietilendən imtina etsə mümkündür. Bu il də ekoloji layihələrimizin davamı olacaq. Müxtəlif ölçü və dizaynda eko və bioçantaların müştərilərə təqdim edilməsi nəzərdə tutulub”.

Digər marketlər şəbəkəsinin nümayəndəsi Pərviz Əzimov polietilen torbalardan istifadənin məhdudlaşdırılması üçün dövlət qanunvericiliyinin qəbul edilməsinin vacibliyini qeyd edib: “Lakin qanunvericiliyin qəbuluna qədər marketlər şəbəkəsi də bu işə töhfə versə, çox yaxşı olar. Polietilen paketlərin istifadəsinin azaldılması üçün alıcılara çoxistifadəli ekopaketlər təqdim olunmalıdır. Bunun üçün stimullaşdırıcı işlər görülə, dövlət tərəfindən ekoloji cəhətdən təmiz torbalara olan əlavə dəyər vergisi aradan qaldırıla bilər. Supermarketlər özləri də eko və biopaketlərin təbliği məqsədilə aksiyalar keçirə bilərlər. Plastik paketlərin ödənişli olması və alıcıların ondan istifadə etməməsi birbaşa supermarketlərin öz marağındadır. Ay ərzində onlara yüz minlərlə manat məbləğində xərc çəkilir. Supermarketlər bir növ bu vəsaitdən xilas olmuş olur. Bu zənciri tamamlamaq məqsədilə evdəki tullantıların yığılması üçün də tez əriyən və qısa müddətdə sıradan çıxan tullantı paketləri də istehsal edilməlidir”.

Başqa bir marketlər şəbəkəsinin əməkdaşı Kənan Şirinov da maarifləndirici aksiyaların davamlı olacağını, ekoçantaların faydaları haqqında müştərilərə məlumat veriləcəyini diqqətə çatdırıb: “Marketlər şəbəkəsi olaraq ortaq tədbirlər görməyə hazırıq. Görülən işlərin müsbət nəticə verəcəyinə inanıram”.

Paylaş