Həm təbabətdə, həm də məişətdə istifadə edilən ətirli bitki

Google+ Pinterest LinkedIn Tumblr +

Güldəfnə ətirli ədviyyat bitkilərindən sayılır. Qədim misirlilər və yunanlar bu bitkidən tərəvəz kimi istifadə edirdilər. Onun toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq olunurdu. Məsələn, məşhur loğman Böyük Karl güldəfnədən keçəlləşmə əleyhinə, Hindistanda isə Brahman tayfaları onun yarpaqlarından müxtəlif məqsədlərlə istifadə edirdilər. Şərq ölkələrində qadınlar bitkinin qovrulmuş toxumları vasitəsilə saçlarına gözəl forma verirdilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev AZƏRTAC-a deyib: “Məşhur alim Hippokrat bitkinin müalicəvi xassələrini yüksək qiymətləndirirdi. Qədim Misirdə doğuşu yüngülləşdirmək və laktasiyanı artırmaq üçün ondan istifadə edirdilər. Çində qarın ağrılarını sakitləşdirmək üçün tətbiq edilir. Son tədqiqatlar göstərib ki, bitki qanda şəkərin, xolesterinin miqdarını aşağı salaraq onu tənzimləyə bilir, eyni zamanda, qanı durulaşdırır, tərkibindəki bitki liflərinin miqdarına görə hətta ispanaq və kahını arxada qoyur. Ona görə də güldəfnəni səmərəli işlədicilərə aid etmək olar. Yüzilliklər boyu Misir və Hindistanda bitki “qadın dərmanı” hesab edilib. Bitki həm də qanda androgenlərin səviyyəsini də azaldır”.

Bioloq onu da əlavə edib ki, həkimlərin qənaətinə əsasən hamiləlik zamanı və birinci tip şəkərli diabet xəstələrinin bu bitkidən istifadəsi əks göstərişdir. Qanı duru olanların da ondan istifadə etməsi məsləhət deyil.

Bitkinin məişətdə istifadə sahəsi haqqında bioloq deyib: “Güldəfnə hinduların sevimli bitkisidir və onlar qurudulmuş ot və toz halına salınmış bitkini “yaşıl pendirə” əlavə edir və həmin ədviyyə xörəklərə qovrulmuş fındıq dadı verir. ABŞ-da rom və digər içkilərin ətirləndirilməsi üçün ondan istifadə edilir. Hindistanda isə ondan qəhvənin surroqatını, təzə dərilmiş tər formasından isə salatlar hazırlayırlar”.

Paylaş