Rusiya Hidrometeorologiya Mərkəzi bütün ölkə ərazisində hava anomaliyası barədə xəbərdarlıq edib. Belə ki, hətta Sibirdə havanın hərarəti orta səviyyədən 20 dərəcə yüksəkdir.
Biosfer.az bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir.
“Daha güclü anomal hava şəraiti Krasnoyarsk diyarı və Yakutiyada müşahidə olunur. Yakutiyada temperatur uzun illərin göstəricilərindən 20 dərəcə yüksək, yəni ən aşağı temperatur mənfi 20-25 dərəcəyə, maksimal isə mənfi 15 dərəcəyə çatır. Lakin Asiya ərazisinin heç bir yerində mülayim hava olmayacaq”, – deyə mərkəzin rəhbəri vəzifəsini icra edən Roman Vilfand bildirib.
Ölkənin Avropa hissəsində temperatur normadan 6-8 dərəcə yüksək olacaq.
Meteoroloqun sözlərinə görə, bu, cari qış fəslində Atlantik hava cərəyanının Ural dağları vasitəsilə ikinci dəfə maneəsiz olaraq keçməsi və Asiya ərazisində havanı müəyyən etməsi ilə bağlıdır.
“Bu, addımbaşı rast gəlinməyən vəziyyətdir. Asiya hissəsində kontinental iqlim müşahidə olunur. Atlantikadan hava kütlələrinin təsiri zamanı isə burada mülayim rütubətli hava olacaq”, – deyə Vilfand izah edib.
Hidrometeorologiya Mərkəzinin proqnozlarına görə, paytaxt regionunda bu gün temperatur 0-2, Krasnoyarskda 20, Novosibirsk və Omsk vilayətlərində 5 dərəcə şaxta gözlənilir.