İndiyədək Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları tərəfindən 12 min 914 zəlzələ qeydə alınıb. Yeraltı təkanların 5298-si yerli, 6748-i isə regional zəlzələlərdir. Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanlardan 79-nun maqnitudası 3-dən yuxarı olub.
Biosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli dekabrın 18-də keçirilən iclasda məlumat verib.
Baş direktorun verdiyi məlumata görə, il ərzində respublika ərazisində 25 hiss olunan zəlzələ baş verib. Ən güclü zəlzələ isə fevralın 5-də Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 5.2 olub. Bununla yanaşı, il ərzində RSXM-in seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı püskürməsi qeydə alınıb. Həmin püskürmənin ikisi (Quşçu vulkanı) Şamaxı-İsmayıllı-Ağsu zəlzələsindən sonra fevralın 13-də baş verib.