Bu gün əkilən 650 min ağacın mühafizəsi, bitiş faizinin yüksək olması və aqrotexniki qulluq göstərilməsi üçün müntəzəm olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura tərəfindən monitorinqlər keçiriləcək. Monitorinqlərin nəticələri barədə ictimaiyyət vaxtaşırı məlumatlandırılacaq.
Biosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova dekabrın 6-da keçirilən mətbuat konfransında məlumat verib.
“Ağac əkilmiş ərazilərə müntəzəm olaraq ictimai nəzarət olunmalıdır. Biz də bu təşəbbüsə dəstək olmağa və ictimai nəzarəti həyata keçirməyə hazırıq. Ağac əkilmiş sahələrdə yüksək bitiş faizinin əldə olunması, qulluq göstərilməsi və mühafizəsi məqsədilə 650 min ağacın əkildiyi və nazirlik tərəfindən xəritəsi hazırlanmış ərazilər xəritəyə uyğun olaraq nəzarətdə saxlanılacaq”, – deyə M.Şükürova qeyd edib.
M.Şükürova əkilən 650 min ağacın 10 ildən sonra atmosferdəki karbon emissiyasını 45 min 500 ton azaldacağını diqqətə çatdırıb. Bildirib ki, bu da qlobal iqlim dəyişikliyinə verilən töhfə olacaq.