Azərbaycanda Qarabağ atlarına görə komissiya yaradılacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanda Qarabağ atların bonitirovkasını (müqayisəli qiymətləndirmə) həyata keçirilməsi üçün komissiya yaradılacaq”.

Biosfer.az xəbər verir ki, bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov bildirib.

Onun sözlərinə görə, komissiyanın tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarından mütəxəssislər cəlb ediləcək.

Nazirlik rəsmisi atların bonitirovkası ilə bağlı danışarkən deyib ki, Qarabağ Atçılıq Kompleksində saxlanılan 230 at arasında Qarabağ atlarının keyfiyyətinə daha çox uyğun gələnlərin müəyyənləşdirilməsi istiqamətində iş aparılacaq: “Yəni sözügedən atlar arasında hansı daha çox Qarabağ atlarının keyfiyyətinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün seleksiyaya başlanılacaq”.

Tipik dağ minik atı olan Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Qarabağ atları, əsasən, qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar.

Xatırladaq ki, hazırda Qarabağ Atçılıq Kompleksində 230 baş at, o cümlədən 50 baş ana madyan və 6 baş törədici ayğır saxlanılır. Atlar damazlıq istiqamətində yetişdirilir. Bu il də 60-65 bala alınması gözlənilir. Hazırda madyanlar balavermə dövrünü yaşayır. Bu günə qədər 30 bala alınıb. Balalar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir. Bu atların bir qisminə təlim keçirilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.

Paylaş