Meyvə ağaclarının gövdələrinin əhənglə rənglənməsinin SƏBƏBİ

Google+ Pinterest LinkedIn Tumblr +

Meyvə tinglərinin əsasən noyabrda, ağacların yarpaqları töküləndən – vegetasiya dövrü dayandıqdan sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.

Bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Gülnarə Məmmədova məlumat verib.

“Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdələrinin əhənglə rənglənməsi məsləhətdir. Bu, onu həşəratlardan və Günəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə həşəratlar yumurta qoyaraq çoxalır və ağacın zəifləyərək ömrünün azalmasına səbəb olur. Ona görə də ağacların gövdələrinin əhənglənməsi zəruridir. Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfat sabunu qarışığından məhlul, yəni 5 qram sabun və 250 qram kül qarışdırılaraq hazırlanmalı və 1 litr isti suda həll edilməlidir. Gövdə soyuq halda olan məhlulla dezinfeksiya edilir, daha sonra əhəng ilə ağardılır. Meyvə bağlarına qulluq mart ayında aparılmalıdır, gövdənin ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır. Payız mövsümündə ağaclara üzvi və mineral – fosfor və kalium gübrələri verilməlidir. Ağaclar bar verdikdən sonra zəifləyir. Ona görə payız mövsümündə üzvi və mineral gübrələri verdikdən sonra onları suvarmaq lazımdır. Azot gübrəsi isə ancaq yazda verilir.

Meyvə ağacları növlərindən asılı olaraq may, avqust və sentyabr aylarında calaq edilir. Calaq mütləq işi bilən mütəxəssis tərəfindən aparılmalıdır”, – deyə G.Məmmədova bildirib.

Paylaş