Azərbaycanda yırtıcılardan hiyləgər plan: Kənd sakinləri təşvişdə

Google+ Pinterest LinkedIn Tumblr +

Goranboyda qəribə hadisə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Eyvazlılar kəndində sürüyə hücum edən canavarlar çobana hiss etdirmədən bir neçə heyvanı sürüdən ayıraraq özləri ilə aparıb.

Belə ki, kənd sakini Kamil Əhmədov özünə və bir neçə sakinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. K.Əhmədov canavarları görən zaman səs-küy edib, vəhşi heyvanları uzaqlaşdırmağa çalışıb.

Qoyunları acgöz canlılardan xilas etdiyini düşünən kənd sakini, heyvanları örüşdən qaytaran zaman 5 baş qoyunun sürüdə olmadığını görüb. Bundan sonra ətraf ərazilərdə axtarışa çıxan sakinlər gecəyədək axtarsalar da, qoyunların nə ölüsündən, nə dirisindən bir əlamət tapa bilməyiblər.

Yırtıcılar tərəfindən aparılan heyvanlardan 3-ü Kamil Əhmədovun özünə, 2-i isə Oqtay Xəlilova məxsusdur.

Sakinlər son vaxtlar ərazidə canavarlarla tez-tez rastlaşdıqlarını deyirlər və onların daha böyük fəsadlara səbəb olacağından narahatdırlar.

Bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

ETSN-in və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.

Paylaş