Gürcüstanda qızılcaya qarşı peyvəndləmə davam edir

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarın 20-dən 30-dək Gürcüstanda 38 min nəfər qızılcaya qarşı peyvənd olunub.

Biosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Gürcüstan qızılca epidemiyası ilə üz-üzədir. Bunun qarşısını almaq üçün yanvarın 1-dən başlayaraq ölkədə bu infeksion xəstəliyə qarşı peyvəndləmə bütün vətəndaşlar üçün pulsuz həyata keçirilir. Bundan əvvəl isə pulsuz peyvəndləmə 40 yaşa qədər olan vətəndaşlar üçün olub.

A.Qamkrelidzenin sözlərinə görə, ölkədə qızılcaya qarşı mübarizə üçün 150 min peyvənd ehtiyatı var. Bu da əhalinin ehtiyaclarını ödəmək üçün kifayət edir. Hökumət yeni ehtiyatlar almaq üçün müəyyən tədbirlər görür.

Ölkədə qızılcaya qarşı peyvəndləmə ilə əlaqədar çox güclü təbliğat işi aparılır. Hökumət qrip virusundan sonra qızılcanın yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görür. Ölkədə qızılcaya yoluxma ilə əlaqədar xəstəxanalarda 1000-ə yaxın insan müalicə olunur.

Məlumat üçün qeyd edək ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Təbii şəraitdə yalnız insanlar xəstələnir. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz – ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.

Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur.

Paylaş