İradə İbrahimova: “Polietilen torbaların pullu olması…”

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə kompleks Tədbirlər Planı hazırlayıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırılma mərhələsindədir.

Bu barədə Biosfer.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İ.İbrahimova, həmçinin bildirib: “Polietilen torbalar ətraf mühiti çirkləndirən əsas amillərdən biridir. Bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir. Ona görə də marketlərdə polietilen torbaların pulla satılmasını dəstəkləyirik, lakin qiymət məsələsini biz müəyyən etmirik. Marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür. Alıcılar da pulsuzdur deyə bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Həmin torbalar istifadə edildikdən sonra atılır və nəticədə yol kənarlarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaranır”.

Mətbuat katibi qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbalardan istifadənin tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb. Bununla bağlı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb.

Nazirlik vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır.

Paylaş