Azərbaycanın səfalı və təbii sərvətlərlə zəngin olan bölgələrindən biri də Qax rayonu və onun qədim oğuz türklərinin məskəni olan İlisu kəndidir. Haqqında söhbət açacağımız İlisu kəndi isə Qax rayonunun istər gözəllik baxımından, istərsə də qəhrəmanlıq baxımından ən tanınmış, məşhur kəndlərindəndir.


Mehraninin fikrincə, qala ola bilsin ki, geniş profilli müdafiə üçün deyil, bir ailənin, bir nəslin müdafiəsində rolu olan qalalardandır. O hesab edir ki, qala adi bir piyada tərəfindən deyil, bir feodal, bir imkanlı adam tərəfindən qurulub: “Ola bilsin ki, kənddə buna bənzər qalalar da olub. Lakin ən möhkəmi, ən dayanıqlısı Sumuq qala olduğu üçün bu qala indiyədək qalıb. Bu qala yəqin ki, Danial bəy kimi sultanlardan birinin məhəlləsi, evi, yaşayış yeri olub. Bəzi yaşayış yerlərinin yanında da belə qalalar tikilərdi. Bu cür qalalar ailənin təhrik olunduğu zaman müdafiə məqsədilə istifadə olunardı”.

Qalanın yerləşdiyi ərazinin daim daş axınlarına məruz qalmasına, dörd mərtəbəsindən birincisinin daş axınlarından yerin altında qalmasına baxmayaraq, öz möhkəmliyini qoruyub saxlayıb. Mərtəbələrin hər birində bir pəncərə və iki silah işlətmək üçün ara var. Qalanın yuxarı mərtəbələrinə qalxdıqca binanın içi daralır. Amma pəncərələrin sayı isə ikiyə çatdırılır. Bəzi mənbələrə görə, Gürcüstan ərazisində də belə qalalar mövcuddur.
Tarixçi abidənin restavrasiyasını qənaətbəxş hesab etmir. Onun fikrincə, hər hansı bir abidənin restavrasiyası zamanı əvvəlki görkəmini imkan daxilində qorumaq lazımdır: “Mənə elə gəlir ki, abidənin keçmiş formasına uyğun olaraq qurulan bərpa daha yaxşıdır, nəinki gözəl görkəm verib müasirləşdirilən bərpa. Biz gənc nəslə bunu təqdim edirik. Bu da gənc nəslin yanlış təsəvvürünə gətirib çıxarır. Hər qalanın bərpasında müəyyən nüanslara fikir vermək gərəkdir. Bir abidənin bərpası mütləq şəkildə arxeologiya və arxitektura sahəsinin mütəxəssisinə tapşırılmalıdır. Sözügedən qala, sanki yeni tikilib. Xarici ölkələrdən gələn turistlərə necə sübut edə bilərik ki, bu, qədim abidədir”.
Qeyd edək ki, 1981-ci ildə çəkilən, keçmiş SSRİ məkanında məşhur olan “Qorxma, mən səninləyəm” filmi məhz bu kəndə çəkilib. Yuli Qusmanın çəkdiyi, məşhur aktyorların rol aldığı bu musiqili macəra filmin ən məşhur batal (döyüş) səhnələri bu qalada lentə alınıb.