Suraxanı rayonunun bütün qəsəbələrində ağacəkmə aksiyasının növbəti mərhələsi böyük ruh yüksəkliyi ilə davam etdirilib.
Suraxanı Rayon İcra Hakimiyyətindən Biosfer.az-a bildiriblər ki, bu qurumun təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası rayonun Əmircan qəsəbəsində Balandin küçəsinin, Bülbülə qəsəbəsində isə Səttar Bəhlulzadə küçəsinin kənarlarında keçirilib.
Aksiyada rayon icra hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, o cümlədən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak ediblər.
100 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib və 200-dən artıq ağac əkilib.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davam etdirilməsi planlaşdırılır.