Zərərvericilər şimal bölgəsinin xurma bağlarına ziyan vurdu

Google+ Pinterest LinkedIn Tumblr +

Zərərvericilər şimal bölgəsinin xurma bağlarına ciddi ziyan vurub.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 15-dən sonra meyvə toplanacaq xurma ağaclarında gənə, yastıcalar yayılıb.

Xaçmazlı təsərrüfatçılar bildirirlər ki, zərərvericilər ağacların yarpaqlarının şirəsini sorur, bitkini zəiflədir, meyvələrin üzəri şirişlə örtülür və xurmalar xırda qalır.

Təsərrüfatçı Asəf Əzizov hər il 1,3 hektar xurma bağından 15 tondan çox məhsul əldə edib. Bu il bağlarda yayılan zərərvericilər səbəbindən əvvəlki illərə nisbətən 3-4 dəfə az xurma toplayacağını bildirir.

Zərərvericilər meyvənin vaxtsız yerə tökülməsinə, budaqların qurumasına səbəb olur. Ağacda qalan meyvələr isə satışa yararsız vəziyyətə düşür.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov zərərvericilərin çoxalmasının səbəbini təbii amillərlə əlaqələndirir.

Mütəxəssis AZƏRTAC-a bildirib ki, artıq 5-6 ildir qış ayları mülayim keçdiyinə görə zərərvericilərin inkişafı üçün əlverişli şərait yaranıb. Zərərvericilərin məhv olması üçün qışda qarın yağması və temperaturun mənfi 15-20 dərəcəyədək aşağı düşməsi lazımdır.

Mədət Qurbanov qeyd edib ki, zərərvericilərin və xəstəliklərin qarşısını almaq üçün bağlarda ilkin yazdan başlayaraq mütləq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə olunmaqla davam etdirilməlidir.

Hazırda Xaçmaz rayonunda 1200 hektara yaxın xurma bağı var. Ötən il bu bağlardan 7 min 906 ton məhsul yığılıb.

 

Paylaş