Astarada torpaq sürüşdü – Kənd sakini çıxılmaz vəziyyətdə

Google+ Pinterest LinkedIn Tumblr +

Cənub bölgəsində yağan yağışlar sürüşmə zonalarının yenidən aktivləşməsinə səbəb olub.

Biosfer.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, sentyabrın 17-dən 18-nə keçən gecə Astara rayonunun Miki kəndində torpaq sürüşməsi baş verib. Kənd sakini Meybulla Xalıqovun sözünə görə, sürüşmə gecə saat 03:00 radələrində qeydə alınıb: “Ayın 17-si gecə şiddətli yağışlar başladı. Ayın 18-də səhərə az qalmış evin arxasından güclü səs gəldi, ev silkələndi. Əvvəlcə elə bildik ki, zəlzələ oldu. Həyətə düşüb baxanda gördük ki, evin arxasındakı təpədən torpaq sürüşüb tökülüb. Yuxarıda olan ağaclar da kökündən çıxaraq sürüşüb və torpaqla bir yerdə evin arxa divarına dirənib. Səhər açılanda isə gördük ki, evin altındakı zirzəmini su basıb. Su divarın daşlarının arasından süzülərək evin altına dolmuşdu. Evimizin arxasındakı təpədə isə iri laylar əmələ gəlib. Bir dəfə də güclü yağış yağsa, çatlamış torpaq sürüşəcək və təpə evimizin üstünə aşacaq”.

M.Xalıqov evini 1988-ci ildə tikdiyini və ilk dəfə torpaq sürüşməsi ilə üzləşdiyini deyir.

“Hətta zəlzələ olanda da belə olmamışdı. Sürüşmədən sonra evin arxa divarlarında və evin zirzəmisinin beton döşəməsində çatlar əmələ gəlib. Evdə 9 nəfər yaşayır. Sürüşmə olsa, evdə daha yaşamaq mümkün olmayacaq. Evin zirzəmisində olan ərzaqlarımız da, evim özü də qəzalı vəziyyətə düşüb. Mənə kömək lazımdır ki, sürüşmənin qarşısını ala bilim” — deyə ev sahibi kömək istəyir.

Artıq baş vermiş sürüşmə ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb. Siyəkü Bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, həmin ərazidə biz olublar və baxış keçiriblər: “FHN-ə də müraciət edilib. Problem tezliklə həllini tapacaq”.

Bələdiyyə sədri onu da əlavə etdi ki, sürüşmə baş verən ərazidə sürüşmə aktivliyinin kəşfiyyatı aparıldıqdan sonra müvafiq tədbirlər görüləcək.

Paylaş