Balear adalarında dizel mühərrikli avtomobillər qadağan olunacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Balear adalarının hökuməti iqlim dəyişiklikləri və enerji səmərəliliyi ilə bağlı qanun layihəsini təsdiq edib.

Biosfer.az Azərtac-a istinadən xəbər verir ki, 2025-ci ildən etibarən adalara dizel mühərriki ilə işləyən avtomobil və motosikletlərin gətirilməsi dayandırılacaq. Bu qaydalar benzinlə işləyən nəqliyyat vasitələrinə də şamil olunacaq.

Balear adalarında qanunun qüvvəyə minməsinə qədər qeydiyyata alınan avtomobillər istisna təşkil edəcək. Onlar xidmət müddəti bitənədək arxipelaqın ərazisində hərəkət edə biləcəklər.

Adalarda fəaliyyət göstərən çoxsaylı icarə şirkətləri öz avtoparklarına elektromobil və ətraf mühiti çirkləndirməyən avtomobillər daxil etməli olacaqlar. Avtoparkda onların payı 2035-ci ilədək 100 faiz təşkil etməlidir. Şirkətlər, həmçinin ətraf mühiti çirkləndirən avtomobillərin ümumi sayı barədə hökumətə mütəmadi məlumat verməlidir.

Balear adaları hökumətinin uzunmüddətli planlarında 2050-ci ildə bütün avtomobillərin elektrik mühərriki ilə işləməsi nəzərdə tutulur.

Ekoloji vəziyyətin yaxşılaşdırılması planına günəş batareyalarının genişmiqyaslı tətbiqi və ətraf mühitə zərər verən elektrik stansiyalarının tədricən bağlanması da daxildir.

Paylaş