Qabaqtəpə arısı – Qafqazdan Amerikayadək yayılan milli sərvətimiz

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan ərazisində tarixən sarı və boz rəngli arılar məskən salıblar. Həmin arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin nektarından qidalanır. Beləliklə, bu arılarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda, çiçəklər arasında seçim etməmək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir.

Biosfer.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində GABA-nın (Gəncə Aqrobiznes Assosiasiyasının) heyvandarlıq və arıçılıq üzrə mütəxəssisi Ramin Abbasov deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan arı genefondunu iki arı növü təşkil edir: Sarı Qafqaz arısı və Bozdağ Qafqaz arısı. Sarı Qafqaz arısının Lənkəran və Sarı İran, Bozdağ Qafqaz arısının isə Qabaqtəpə və Şahdağ populyasiyası var. Azərbaycan dünyada ən məhsuldar arılardan olan Bozdağ Qafqaz arısının vətənidir. Bu arı növü Qabaqtəpə arısının populyasiyasına həyat verib. Belə ki, Qabaqtəpə arısı Bozdağ Qafqaz arısının yerli şəraitin təsiri nəticəsində meydana gəlmiş populyasiyadır. Bu arı Daşkəsən rayonunun Qabaqtəpə kəndi ətrafında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılıb.

Qabaqtəpə arısının yerli arı genefondumuzun “Qızıl arısı” sayıldığını deyən Ramin Abbasov vurğulayıb ki, bu arı məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləyib. Bununla yanaşı, sürətlə inkişaf edib. Gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Nektar bolluğu olan rayonlarda belə digər arı cinslərindən çox bal toplayır. Bu xüsusiyyətlər də onun yüksək məhsuldarlığını şərtləndirən əsas cəhətlərdəndir. Soyuq qış, küləkli iqlim şəraitinə uyğunlaşaraq, böyük floramiqrasiya göstəricisi ilə seçilərək daha müsbət üstünlüklərə sahib olub. Qabaqtəpə arısı kəşf olunduqdan, üstünlükləri öyrənildikdən sonra ona maraq daha da artıb. Yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılıb. Keçmiş SSRİ məkanında, Avropada yetişdirilməsinə həvəs göstərilib. Ana arılar hətta Amerikaya belə aparılıb.

Qabaqtəpə arılarının görünüşündən və bioloji xüsusiyyətlərindən danışan mütəxəssis deyir ki, Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələri yoxdur. Üzəri tükcüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələri gümüşü rəngə çalır.

“Bu arılar sancmaya meyilli deyil. Ona görə də arıçılar üz toru taxmadan da işləyə bilirlər. Beçəvermədən asan qayıdır, yaz ayları sürətlə inkişaf edir. Ana arılar gün ərzində 2 min yumurta qoya bilir. Ən uzun xortumlu (dilli) arılardan biridir. Arının şirə vəziləri çiçək dərinliyindən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır. Ümumilikdə Bozdağ Qafqaz arıları xortumunun uzunluğu, sürətli çoxalma qabiliyyətinin olması və qışı yaxşı keçirməsi ilə seçilir”, – deyə R.Abbasov bildirib.

Paylaş