Trabzonu əvəzedilməz edən Uzungöl – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin gəzib-görməli yerlərindən olan Trabzon şəhərini əvəzedilməz edən onun Uzungöl adlanan ərazisidir. Demək olar ki, Trabzona yolu düşən hər kəs mütləq Uzungölə də baş çəkmək istəyir. Biz də yolumuz düşmüşkən o gözəlliyi görmədən geri qayıtmaq istəmədik.

Uzungöl Trabzonun şəhər mərkəzindən təxminən 100 kilometr məsafədə yerləşən, möhtəşəm gözəlliyə və mənzərəyə malik ərazidir.

Trabzondan avtobuslar hər 30 dəqiqədən bir Uzungölə sərnişin daşıyırlar. Şəxsi avtomobillə isə Trabzon mərkəzindən çıxaraq, Batumi yolu ilə hərəkət edib, əvvəlcə Yomra, sonra Of bölgəsini keçməlisiniz. Ofdan Uzungölə cəmi 50 kilometrlik yoldur. Yol boyu sizi sıx meşəliklər, hündür dağlar və əsrarəngiz şəkildə dağların, meşəliyin ortasından boylanan üçmərtəbəli villalar, kiçik evlər müşayiət edəcək. Uzun və darıxdırıcı yollardan fərqli olaraq türklərin burada yaratdığı cənnət sizi yol boyu yorulmağa qoymayacaq.

Aşırımlı Uzungöl yolu

Uzungöl ərazisi təbiət hadisəsindən çox, sənət hadisəsinə bənzəyir. Buranı sanki dünyanın dahi rəssamları çəkib ərsəyə gətiriblər. Ən maraqlısı isə odur ki, meşəlikdə və ya yol kənarında aparılan tikililərə görə bir ağac belə məhv edilməyib. Yaşıllıqlar zövq oxşayır, yol kənarları isə genişliyi ilə seçilir.

Bu təbii və insan əli ilə məhv edilməyən gözəllik Uzungölün mərkəzinə qədər davam edir.

Uzungölə gedən yol aşırımlıdır. Ora yaxınlaşdıqca qalxmaq çətinləşir, ancaq yolun sonunda sizi Uzungölün füsunkar mənzərəsi gözləyir. Qarşınızda geniş mənzərə açılır, dayanmadan axan çay, məcrasında möhtəşəm göl və sahili boyunca turistlərin gəzintisi üçün nəzərdə tutulmuş yollar, körpülər… və əlbəttə ki, gölün ən əzəmətli və hər tərəfdən aydın görünən hissəsində olduqca böyük dörd minarəli məscid. Uzungölün istənilən hissəsindən görülən məscidə daxil ola bilərsiniz. Uzaqdasınızsa müxtəlif nöqtələrə quraşdırılmış binokla 1 lirə atmaqla məscidə və ətrafa baxa bilərsiniz.

Sərin, yağışlı və buludlu…

Uzungöldə turizm mövsümü cəmi 3-4 ay olur. Qışda hava sərt keçdiyindən aşırımlı yolları qalxmaq çətinləşir. Yayın ən isti günlərində belə sıx meşələri olan dağlarla əhatələnmiş Uzungöldə hava sərin keçir. Getmək fikri olanlara məsləhətimiz budur ki, özünüzlə nazik jaket götürün. Sərin hava, bəzən isə anidən yağan yağış, duman sizi təəccübləndirməsin. Bu, Uzungöl üçün xaraktetikdir.

Kiçik “Səudiyyə Ərəbistanı”

Uzungöl turizm bölgəsi olduğu üçün burada hər şey daha çox turistlər üçün nəzərdə tutulub. Avtomobillə bu məkana gələnlərin rahatlığı üçün park yerləri salınıb. Park yerləri girişdə bir qədər bahadır, lakin içəri hissədə cəmi 10 lirəyə avtomobilinizi park edib, axşama qədər gəzə bilərsiniz.

Burada fərqli üslubda və qiymətdə restoran kifayət qədərdir. Restoranda sadə yeməklər yesəniz, 3-4 adama 30-40 lirəniz çıxacaq. Ancaq istəsəniz, özünüzlə də yemək, su gətirib, əlavə pul xərcləmədən dincələ bilərsiniz.

Həmçinin turistlər üçün nəzərdə tutulmuş kirayəlik möhtəşəm evlər də var ki, əksəriyyəti taxtadan hazırlanıb. Kirayəlik evlərin demək olar ki, 90 faizi ərəb turistlərlə dolu idi.

Təbii ki, Uzungöldə uşlaqlar da unudulmayıb: velosipedlər, müxtəlif ödənişli və ödənişsiz yelləncəklər, attraksionlar kifayət qədərdir.

Alış-veriş üçün geyim mağazaları da var, ancaq qiymətlər Trabzon mərkəzi ilə müqayisədə olduqca yüksəkdir. Daha aydın desək, ərəb turistlərin cibinə daha uyğundur. Həmin mağazalardan alış-veriş edənlərin əksəriyyəti elə ərəb turistlərdir.

Buranın havası o qədər təmizdir ki, insan saatlarla göl kənarında gəzmək istəyir. Göl ətrafı həddindən artıq sakitdir. Yaz və yay aylarında buraya minlərlə turist, xüsusən ərəblər səyahət edir.

Bu səbəbdəndir ki, hotel və restoranlarda qiymətlər çox bahadır. Gölə ən uyğun səyahət vaxtının isə sentyabr ayı olduğu deyilir. (axar.az)

Paylaş