Yaxın Şərqdə “su müharibəsi” başlaya bilər – PROQNOZ

Google+ Pinterest LinkedIn Tumblr +

Yaxın Şərqdə Türkiyə, İraq və Suriyanın iştirakı ilə yeni “su müharibəsi” başlaya bilər.

Biosfer.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında nəşr olunan “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.

Qəzetdə Suriyanın beynəlxalq sular üzrə eksperti Nabil Əl Samman “Su müharibəsi” adlı məqaləsində bu barədə bildirir.

Ekspertin qeydlərinə görə, hər üç ölkə regionun ən böyük su qaynağı olan Dəclə və Fərat çaylarına nəzarəti ələ keçirmək uğrunda mübarizə aparır.

Sammanın fikrincə, bu mübarizə regionda yaxın müddətdə “su müharibəsi”nə səbəb ola bilər.

Ekspert su mənbələrinə nəzarətin bir silah vasitəsi kimi istifadə edildiyinə diqqət çəkib. O, həmçinin su divarının siyasi məqsədlər üçün istifadə edilə biləcəyini yazıb.

Samman həmçinin Türkiyənin bu çaylar üzərində tikiləcək 22 baraj və 19 elektrik stansiyasının tikintisi planına diqqət çəkib. Ekspert hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu layihəni həyata keçirməyə çalışdığını bildirir. Onun sözlərinə görə, bu layihə həyata keçərsə, çay aşağı yerləşən Suriya və İraqa axan suyun miqdarı yarıbayarı azala bilər.

Materialda bu məsələnin ölkələr arasında uzun illər boyu gərginliklərə səbəb olduğu qeyd edilir. Həmçinin, Türkiyənin regionun təbii sərvətlərinə güclü, mübahisəli təsir göstərmək gücünə də diqqət çəkilir.

Bununla yanaşı, ekspert İraq və Suriyanın hazırki vəziyyətdə bu müharibəyə girmək ehtimalının az olduğunu bildirir.

Qeyd edək ki, PKK terrorçuları ABŞ-la Türkiyə arasında əldə edilmiş razılaşmaya əsasən, Suriyanın Menbiç şəhərindən çəkilib. Bununla Fərat çayının bir hissəsi tam olaraq Türkiyənin nəzarətinə keçib. Hazırda razılaşmaya əsasən, ABŞ və Türkiyə hərbçiləri tərəfindən ərazidə qalmış terrorçuların axtarışları tamamlanır. (Modern.az)

Paylaş