“Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi uğurla başa çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

18-20 iyul tarixlərində IDEA İctimai Birliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Təhsil Nazirliyinin və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirilib. Düşərgədə Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və digər kəndlərindən 60-dək məktəbli qatılıb.

İB-dən Biosfer.az-a verilən məlumata görə, “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişində iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə ediblər. Uşaqlar, həmçinin müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edəcək, İqor Bışnyovun rejissorluğu ilə çəkilən “Azərbaycan. Ceyranların xilası” adlı sənədli filmi izləyiblər.

Düşərgə müddətində gənclərin Qax rayonunda ceyranların reintroduksiya edildiyi ərazilərə, həmçinin Ləkit kəndində yerləşən, 2006-cı ildə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən mühafizə edilən və “Mamırlı” şəlaləsi adı ilə tanınan Ləkit şəlaləsinə ekskursiyası təşkil edilib. Gənclərlə birgə Qum kəndində yerləşən meşəlik ərazidə və Ərdəva çayında bəzi ekoloji oyunlar təşkil olunacaq və tədqiqatlar aparılıb.

Düşərgənin yekununda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanan və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycanda və Gürcüstanda tarixən məskunlaşdıqları ərazilərə reintrodiksiya edilib və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranların sayının artırılması və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil olunan bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu sahədə uğurlu fəaliyyətin nəticəsində hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil olunur. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik rayonlarından olan ümumilikdə 500-dən çox məktəbli iştirak edib.

Paylaş