Üzən tutuquşu

Google+ Pinterest LinkedIn Tumblr +

Suya baş vururuq və tutuquşu ilə burun-buruna gəlirik. Sanki o, məşhur cizgi filmi qəhrəmanı Keşanın burnundan düşüb. Bəlkə o, pulcuqlu “libas” geyinərək üzməyi öyrənib?

Biosfer.az xəbər verir ki, bu, tutuquşu-balıqdır. O, Sakit və Hind okeanlarının tropik sularında məskunlaşan xanıkimilər dəstəsindən olan balıqlar fəsiləsinə aiddir. Tutuquşu-balığın bir-birindən gözəl 80 növü var. Zahirən çox gözəl olan bu balıqların güclü çənəsi təcrübəsiz dalğıclar üçün təhlükəlidir.
Tutuquşu-balığın yaşını onun rənginə görə təyin edirlər. Gənc balığın “libasında” boz, qəhvəyi və qırmızı, yaşlı balıqlarda isə göyümtül-yaşıl çalarlar üstünlük təşkil edir.


Tutuquşu-balıqlar mərcan riflərinin sakinləridir, mərcan polipləri (rifəmələgətirmə prosesində iştirak edən dəniz onurğasızları) onların əsas qidasıdır. Lakin bu fəsilənin bəzi nümayəndələri, xüsusən iri tutuquşu-balıqlar dənizin dibindəki soxulcan və molyuskları ovlayır. Bu balıqların ağzı forma və quruluşuna görə tutuquşunun dimdiyini xatırlatdığı üçün onu tutuquşu-balıq adlandırıblar. Onun “dimdiyi” çənəsinin xarici səthində mozaika formasında yerləşən xırda, lakin möhkəm dişlərdən ibarətdir.


Balıq mərcanın üstündə bitən cavan yosunları “dimdiyi” ilə asanlıqla qaşıyır və mərcanların boğulmasının qarşısını alır. Ümumiyyətlə tutuquşu-balıqlar bioeroziya prosesində, yəni möhkəm okean süxurlarının molyusk, soxulcan, bitkilərin və s. təsiri altında parçalanmasında mühüm rol oynayır. Müəyyən mənada onları mərcan riflərinin xilasediciləri adlandırmaq olar.
Tutuquşu-balığın bəzi növləri mərcan süxurlarını və hətta daşları həzm edə bilir. Onlar möhkəm dişləri ilə mərcan və ya daş parçası qopararaq udur. Həzm etdikdən sonra qum şəklində ifraz edir. Yeri gəlmişkən, Karib hövzəsinin bəzi qumsal çimərlikləri məhz bu balıq sayəsində yaranıb. Hesablamalara görə, yaşlı tutuquşu-balıq il ərzində 90 kilqoram qum ifraz etməyə qabildir.


Tutuquşu-balığın uzunluğu 30-50 santimetrdir. Bəzi növlərin uzunluğu bir metrə çatır. Yalnız yaşıl rəngli tutuquşu balığının uzunluğu 130 santimetrdir. Balığın bədəni enlidir. Döş üzgəcləri yaxşı inkişaf edib. O, bu üzgəclərin köməyi ilə üzür. Amma yüksək sürət götürmək lazım gələndə güclü quyruğunu işə salır.
Tutuquşu-balığın ağız seliyi yatanda onu barama kimi bürüyür, dincəldiyi zaman parazitləri yaxın buraxmır. Yeri gəlmişkən, selik tutuquşu-balığın qoxusunu da özünə çəkir və iybilmə qabiliyyəti sayəsində qaranlıqda ov edən yırtıcılardan gizlədir. Tutuquşu-balığın seliyi həm də antiseptik təsirə malikdir. O, iri daşların vurduğu yaraları seliyi ilə sağaldır.

Paylaş