Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 12 santimetr azaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-55, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a bildirilib ki, iyulun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2017-ci ildə bu rəqəm saniyədə 108 kubmetr təşkil etməklə ongünlük normanın 52 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 29 kubmetr olmaqla ongünlük normanın 26 faizini təşkil edir. Ötən il bu göstərici saniyədə 75 kubmetr təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 8, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr azalma, Bankədə məntəqəsində isə 5 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 (2017-ci il iyulun 13-də 321 sm), Şirvanda 161 (2017-ci il iyulun 13-də 159 sm), Salyanda 83 (2017-ci il iyulun 13-də 86 sm), Bankədə 178 (2017-ci il iyulun 13-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 santimetrə (2017-ci il iyulun 13-də 43 sm) bərabərdir.

Paylaş