Çox qədim və uzunömürlü heyvan: tısbağa

Google+ Pinterest LinkedIn Tumblr +

Tısbağalar Yer kürəsinin ən qədim heyvanlarından biridir. 200 milyon ilə yaxındır ki, onlar mövcuddur və heç bir dəyişikliyə məruz qalmayıblar. Onların bəziləri quruda, bəziləri isə suda yaşayır. Tısbağa həm qədim, həm də ən uzunömürlü heyvandır. Alimlər onların 200-300 il yaşadıqlarını güman edirlər.

Biosfer.az xəbər verir ki, çanağına görə tısbağanı heç bir heyvanla səhv salmaq mümkün deyil. Amma bütün tısbağalarda eyni deyil.

Bəziləri yalnız quruda yaşayarkən, bəzilərinin həyatı su ilə bağlıdır. Quruda nə qədər ləng olsalar da, suda məharətli üzgüçüdürlər, çox cəld və qıvraqdırlar. Bundan başqa tısbağalar ölçülərinə görə də fərqlənirlər.

Dənizdə tısbağanın beş növü məlumdur. Bunlardan ən irisi dərili tısbağadır. Onun çanağının diametri 2 metrə, çəkisi isə 500 kiloqrama çatır. Dərili tısbağaların nəsli hər il daha da azalaraq məhvə doğru gedir.

Əvvəllər belə hesab edirdilər ki, buna ətlərinin və yumurtalarının çox dadlı olması üzündən brakonyerlər tərəfindən ovlanması və balıqçı toruna təsadüfən düşərək ölmələri səbəb olur. Amma sonradan belə məlum oldu ki tısbağalar dənizə atılmış polietilen torbaları meduzalara oxşadaraq udur və boğulurlar.

Hazırda dünyada 250 növ tısbağa yaşayır. Onların böyük əksəriyyəti otyeyəndirlər. İstini çox sevən dişi tısbağa qumda çala qazaraq yumurtalarını basdırır. Bununla da onların övladlarına qayğısı sona yetir. Tısbağa balaları yumurtadan çıxan andan sərbəst həyat sürməyə başlayırlar. Balalar əvvəl çox sürətlə böyüyürlər. Sonra sürət tədricən azalır. Amma maraqlısı budur ki, böyümə bütün həyatları boyu davam edir.

Tısbağaların ömürləri isə çox uzun olur. Bəziləri 100 il və daha artıq yaşaya bilir. Ömürlərinin axırlarına qədər çanaqlarını dəyişmirlər. Çanaqları vasitəsi ilə düşmənlərdən qorunan tısbağaların çoxu hələ erkən yaşlarında – zirehləri bərkiməmiş yırtıcı heyvanlara yem olur. Tısbağanın əsas qənimlərindən biri də insandır. Onun çanağından bəzək əşyalarının hazırlanmasında istifadə olunur, əti və yumurtası isə bəzi ölkələrdə ən ləziz yemək (delikates) sayılır.

 

Paylaş