Şabalıd bağlarında gövdə yanığı xəstəliyi yayıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Şəki-Zaqatala bölgəsinin şabalıd bağlarında göbələk mənşəli gövdə yanığı xəstəliyi müşahidə olunur. Xəstəliyə qarşı dünya miqyasında tam səmərəli mübarizə tədbiri olmadığı üçün təsərrüfat sahiblərinə aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə olunub.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə ağacın gövdəsində xəstəliyin əlamətləri müşahidə olunursa, mexaniki üsullardan istifadə etməklə, xəstəliyə yoluxaraq qurumuş və çürümüş hissələr təmizlənməli, xəstəliyə 30-60 faiz yoluxmuş ağacların budaqları zədələrdən 25 santimetr aşağı olmaqla kəsilməli və yandırılmalı, 60 faizdən çox yoluxmuş və tam qurumuş ağaclar isə kök boğazından yuxarı kəsilməli və kötüyün yerüstü hissəsi də daxil olmaqla yandırılmalıdır.

Bu proses xüsusilə qış aylarında həyata keçirilməlidir ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi üçün ona 15 gündən bir 3 dəfə karbendazim, benomil, epoksikonazol tərkibli fungisidlər çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir.

Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir.

Qeyd olunub ki, ölkəyə idxal olunan bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd (Castenea spp.) və palıd (Quercus spp.) cinsinin oduncağı C. parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir. Xəstəliyə qarşı mübarizədə hipovirulent ştamların istifadəsi xəstəliyi nəzarətdə saxlamaq üçün perspektivli hesab edilir.

Paylaş