İynəyarpaqlı bitkilər – tikanlı gözəllər

Google+ Pinterest LinkedIn Tumblr +

Planetimizdə təqribən 600 növ iynəyarpaqlı bitkiyə rast gəlmək mümkündür. Onların arasında həm cırtdan kollar, həm də nəhəng ağaclar var. Bu gün biz sizə ən qəribə iynəyarpaqlı bitkilərdən və onların rekordlarından, Yer kürəsinin ən hündür, ən böyük və ən qocaman ağacından danışacağıq.

Biosfer.az xəbər verir ki, İynəyarpaqlı bitkilər Antarktida, Qrenlandiya və Şimal Buzlu okeanı adalarından başqa dünyanın hər yerinin təbii şəraitinə uyğunlaşıb. Onların əksəriyyəti həmişəyaşıl bitkilər sayılır. Axı, iynəyarpaqlı bitkilər qış mövsümündə iynələrini tökür. İynəyarpaqlı ağac və kollar hətta çox şiddətli şaxtalarda, kökləri donmuş torpaqdan su içə bilməyəndə belə iynələrini qoruyub saxlaya bilir. Forması sayəsində iynəyarpağın səthindən daha az su buxarlanır. Bundan əlavə, hər bir iynə qalın mum qatı ilə örtülüb, bu isə onun soyuqlara və “qış quraqlığına” davam gətirməsinə kömək edir. Bitkinin növündən asılı olaraq, onun iynələrinin 2 ildən 15 ilə qədər ömrü olur. Yalnız qara şam ağacı payız mövsümündə başqa ağaclar kimi saralır və iynələrini tökür.

Əgər bitki iynəyarpaqlı sayılırsa, deməli, onun iynələri olmalıdır. Halbuki bəzi iynəyarpaqlı bitkilərin adət etdiyimiz iynələri yoxdur. Məsələn, sərv ağacının iynəvari yarpaqları o qədər kiçikdir ki, demək olar, görünmür. Budaqlara kip yapışan bu yarpaqların səthi sanki xırda yaşıl kirəmitlə örtülüb. Tuya ağacının budaqlarında da iynələrin yerinə bambalaca pulcuqlar bitir.

Podokarp və aqatis daha qəribə bitkilərdir. Podokarp ağacının budaqlarında lentə bənzəyən, parıltılı tünd yarpaqlar göz oxşayır. Vətəni Yeni Zenlandiya olan aqatisin budaqları 18 santimetr uzunluğunda yarpaqları sayəsində yaraşıqlı görünür. Aqatisin oduncağından gəmiqayırmada, onun müalicəvi əhəmiyyətli qatranından isə təbabətdə istifadə olunub. Bu səbəbdən aqatis meşələri hələ XIX əsrdə qırılıb. Hazırda bu bitkini Avstraliyada və Yeni Zenlandiyada əsasən dekarotiv bitki kimi yetişdirirlər.

Bəzi iynəyarpaqlı bitkilər Yer kürəsində hələ məməlilərdən əvvəl mövcud olub. Məsələn, sekvoyya planetimizin nəinki ən qədim, həm də ən hündür ağacıdır. Bu ağaca Şimali Amerikanın Sakit okean sahillərində təsadüf olunur. ABŞ-ın Kaliforniya ştatının milli parklarında sekvoyyanın iki növünün – həmişəyaşıl və nəhəng növlərinin bitdiyi meşələr var. Sekvoyya üçün yetkinlik yaşı təqribən 2000 ildir. Bu müddət ərzində onun hündürlüyü yüz metrə çatır. Yerli sekvoyyaların çoxunun öz adı və ləqəbi var: Nəhəng Stratosfer, İkar, Paradoks… Müasir dövrdə bu qədim ağacları heç kəs qırmır. Onların hər biri xüsusi mühafizə olunur.

İnsanlar lap qədim zamanlardan iynəyarpaqlı ağacların oduncağından istifadə edirlər. Şam, qara şam və sidr ağaclarından ev və hamam tikilir, habelə mebel və ev əşyaları hazırlanır, kağız və lak üçün xammal əldə olunur. Küknardan musiqi alətləri – royal, skripka və violonçel hazırlanır. İnsanlar onun oduncağını xüsusi üsulla emal edərək, qatran, kanifol və skipidar istehsal edirlər. Avstraliyada iynəyarpaqlı Araukariya Kunninqam ağacı plantisiyaları yetişdirilir. Araukariyanın möhkəm və yüngül oduncağı qoxusuz olduğu və kənar qoxuları keçirmədiyi üçün ondan kərə yağının daşınması üçün qutular düzəldirlər.

Bu maraqlıdır: qara şam ağacının oduncağı illər boyu suyun içində qalsa belə çürümür. İtaliyanın Venesiya şəhərinin sualtı hissəsi Uraldan gətirilmiş qara şam ağacının oduncağından hazırlanmış dirəklər üzərində dayanıb. Bu dirəklər 1,5 min il ərzində nəinki çürüməyib, hətta elə bil daşlaşıb. Ağac o qədər bərkdir ki, balta və mişar onu zorla kəsir. Dünyada ən qalın iynəyarpaqlı ağac Meksika taksodiumudur. Onun gövdəsinin diametri 11,42 metrdir. Uzunömürlü şam ağacı isə dünyanın ən qocaman ağacıdır. Onun 4700 il yaşı var.

 

Paylaş