ETSN plastik tullantılar üçün konteyner yerləşdirdi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması, təkrar istehsalı, çeşidlənməsi və ətraf mühitə təsirlərinin azaldılması təşəbbüsü ilə başlatdığı kampaniya çərçivəsində Nəbatət bağında plastik tullantılar üçün konteyner yerləşdirib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, ETSN-in sektor müdiri Mehman Nəbiyev Nəbatət bağında jurnalistlərə açıqlamasında ölkə ictimaiyyətini bu təşəbbüsün cəmiyyətdə daha geniş yayılmasına dəstək göstərməyə çağırıb.

“Nazirlik plastik tullantıların çeşidlənməsi işinə təşəbbüs olaraq başlayıb. Bu işdə digər dövlət qurumları, özəl sektor, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Şəhərin bu tullantılardan təmizlənməsi üçün maarifləndirmə tədbirlərinə ehtiyac var”, – o deyib.

Nəbatət bağının direktoru Vahid Fərzəliyev isə plastik tullantıların onlar üçün də problemlər yaratdığını vurğulayıb: “Bu konteynerlərin yerləşdirilməsi işimizi asanlaşdıracaq. Nəbatət bağının ərazisi böyükdür və bura nə qədər çox konteyner qoyulsa, bir o qədər yaxşı olar. Biz əlavə konteynerlərin yerləşdirilməsi üçün özümüz də təşəbbüs göstərəcəyik”.

 

Paylaş