Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyası mayda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Nəticədə respublika ərazisində 96, Bakıda 23 sürüşmə hadisəsi qeydə alınıb.
Bu barədə Biosfer.az-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Bundan əlavə, Binəqədi rayonunda, I mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub. Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.