Şamaxıdan “altı ağac” uzaqda yerləşən Altıağac Milli Parkı – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Mayın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji turizmin mediada təbliğinə həsr olunan “Təbiət evimizdir” layihəsi çərçivəsində növbəti mediaturu Altıağac Milli Parkına təşkil edib.

Xızı və Siyəzən rayonlarının ərazilərini əhatə edən Altıağac Milli Parkı Şamaxıdan “altı ağac” məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı verilib. Qeyd edək ki, ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 5-6 kilometrə bərabər götürülüb.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə kütləvi informasiya vasitələrinin nümayəndələri milli parkın Ekoturizm və İnformasiya Mərkəzində olublar. Milli parkın direktoru Göycə Musayev xüsusi mühafizə olunan təbiət ərazisi haqqında məlumat verib. Bildirib ki, 2004-cü ildə Altıağac Dövlət Təbiət Qoruğunun (4438 hektar) və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılan Altıağac Milli Parkı 11,035 hektar sahəni əhatə edir. Milli Parkın ərazisinin 8627 hektarı Xızı, 2408 hektarı isə Siyəzən rayonunun ərazisinə düşür.

Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də, turizm və istirahət (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Göycə Musayev deyib: “Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılıb. Ərazidə qışı və yayı quraq keçən mülayim-isti və iqlim tipləri hakimdir. Milli Parkın ərazisindən Ataçay çayı və onun bir sıra kiçik qolları keçir. Ataçay çayı öz başlanğıcını Dübrar dağının 1870 metr hündürlüyündən götürərək Xəzər dənizinə tökülür. Suyundan suvarma məqsədilə istifadə olunur”.

Milli Parkın ərazisinin əsas hissəsi – 3585 hektarı meşəlikdir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Parkda yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Təmiz palıd, fıstıq və vələs meşələri azdır. Onlar bir-biri ilə və az miqdarda göyrüş və ağcaqayın ilə qarışıq meşələr əmələ gətirir. Ərazisinin 90,5 faizini enliyarpaqlı meşələr – palıd, fıstıq və vələs ağaclarından ibarət genişmiqyaslı qonur dağ meşələri təşkil edir.

Altıağac Milli Parkının ərazisində 500-ə yaxın heyvan növü qorunur. Burada məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

Göycə Musayev Milli Parkda 8 marşrutun olduğunu və may-sentyabr aylarında fəaliyyət göstərdiyini deyib. Bildirib ki, may ayının ötən dövründə Milli Parkı 380 turist ziyarət edib ki, onlardan da 8 nəfəri xaricidir. Milli Parkı ziyarət edən turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən artım qeydə alınıb.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ekoloji turizmin həm yerli, həm də xarici turistlər arasında təbliğində mediaturun rolundan, o cümlədən təbiətə zərər vurmadan həm dincəlmək, həm də maariflənməyin mümkünlüyündən danışıb.

Sonra media nümayəndələri Cənubi Qafqazda ilk və yeganə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında olublar. Burada Baytarlıq Blokuna baş çəkən KİV nümayəndələrinə vəhşi heyvanların saxlanma və cərrahiyə otağı barədə məlumat verilib.

“Təbii səbəblərdən zədə alan, xəstələnən və insanlar tərəfindən yaralanan, qanunsuz saxlanılan heyvanlar aşkarlanaraq buraya gətirilir, baytar həkimlər tərəfindən müayinə və müalicə edilir, tam sağalandan sonra vəhşi təbiətə buraxılır. Hazırda burada bir ayı balası var. O da müəyyən yaşa çatdıqdan və öz qayğısına qala biləndən sonra təbiətə buraxılacaq. Sakinlərə müraciət edərək demək istəyirik ki, yaralı olan vəhşi heyvan tapsalar, mərkəzə gətirsinlər və ya müraciət etsinlər”, – deyə Hikmət Əlizadə qeyd edib.

Gözəl, zəngin təbiəti, təmiz havası və gözoxşayan mənzərələri olan Altıağac Milli Parkına səyahət etməyin əsl vaxtıdır. Təbiətin özəllik və gözəlliklərindən faydalanmağa tələsin. Lakin unutmayın təbiət evimizdir…

Paylaş