Nəsimi rayonunda altı ağac kökündən çıxarıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Nəsimi rayonu S.Rüstəm, H.Ələsgərov, X.Şuşinski və Q.Quliyev küçələrinin kəsişməsindəki məhəllədə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları araşdırıblar.

Departamentdən Biosfer.az-a bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı yaşköküstə altı ağacın kökündən çıxarıldığı aşkarlanıb. Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin “Grand Plaza” MMC-yə verildiyi məlum olub.

Söküntü işləri zamanı ağacların şirkət tərəfindən çıxarıldığı müəyyənləşdirilib, faktla bağlı akt və protokol tərtib edilib.

“Grand Plaza” MMC barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi və qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər müvafiq rayon məhkəməsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Paylaş