Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində rayon ərazisində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılaraq bir sıra binalar, küçələr, istirahət guşələri və parklar əsaslı təmir olunub, “Abad həyət” layihəsi çərçivəsində zəruri işlər görülüb.
İcra hakimiyyətindən Biosfer.az-a bildiriblər ki, son illər sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonda müasir tələblərə cavab verən yeni-yeni parklar salınır, mövcud yaşıllıqlar və parklar əsaslı təmir edilir, park və bağlarda söhbətgahlar, uşaq oyun elementləri quraşdırılır. Rayonun idarə, müəssisə və təşkilatlarında Ümummilli Liderin anadan olmasının 95 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq ümumrayon iməciliyi keçirilib.
İməcilik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud park və bağlarda, yaşıllıq zolaqlarında 5 mindən çox müxtəlif növdən olan həmişəyaşıl ağac və rayonun mərkəzi küçələrində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda, Vaqif prospekti boyunca və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında 50 min dən artıq gül əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib, məhəllələrdə abadlıq və təmizlik işləri aparılıb.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Rayonda həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.