Bayıl sürüşmə sahəsində aparılan tədqiqat işlərinin hesabatı təqdim edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının növbəti iclası keçirilib.

Mərkəzin İnformasiya şöbəsindən Biosfer.az-a verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəliyi elan etdikdən sonra elmi məruzələr təqdim edilib.

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Oktay Babazadə “Seysmik geodinamika və zəlzələlərin ocaq zonalarının proqnozu” məruzəsi ilə çıxış edib.

Daha sonra Bakı şəhərində teleqüllənin yaxınlığında, Bayıl yamacında baş verən sürüşmə sahəsində aparılan geofiziki-seysmoloji tədqiqat işlərinin hesabatı təqdim edilib.

İclasda 2017-ci ildə “Kompleks geokimya tədqiqatları” şöbəsində aparılmış elmi, elmi-istehsalat işlərinin hesabatı və AMEA Geologiya və Geofizika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilmiş AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri Səbinə Kazımovanın “Cənub-Şərqi Qafqazın mezozoy və kaynozoy struktur komplekslərinin seysmik tomoqrafiya məlumatları əsasında uyğunsuzluq münasibətləri” dissertasiya mövzusunun iş planını təsdiq edilib.

Ukrayna Elm və Texnologiya Mərkəzinin (ABŞ Enerji Departamenti) maliyyələşdirdiyi P691 Böyük Qafqazda Seysmik Kəsiliş üzrə yerinə yetirilmiş işlər və gələcək planlar haqqında isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov çıxış edib.

Elmi-texniki şura həmçinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin “professor” elmi adını almaq üçün Prezident yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması məsələsinə də baxılıb. Təklif yekdilliklə qəbul edilib.

Paylaş