Bonnda diplomatların və ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin iştirakı ilə iqlim məsələlərinə dair konfrans açılıb.
Biosfer.az Azərtac-a istinadən xəbər verir ki, aprelin 30-dan mayın 10-dək keçiriləcək texniki tədbirdə 190-dan çox ölkədən təqribən 3 min adam iştirak edir. Ekspertlər Polşanın Katovitse şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələrinə dair 24-cü Konfransına hazırlıq görəcəklər.
Bonn görüşünün başlıca məqsədi Paris sazişini həyata keçirmək üçün konkret tədbirlər işləyib hazırlamaqdır. Xatırladaq ki, Paris sazişində qlobal istiləşməni Selsi ilə iki dərəcəyə qədər məhdudlaşdırmaq məqsədi təsbit edilib. Bundan əlavə, söhbət iqlim dəyişmələrindən xüsusilə güclü əziyyət çəkən dövlətlərə hansı məbləğdə maddi yardımın verilməsindən, habelə iqlim öhdəliklərinin ölkələr tərəfindən yerinə yetirilməsinin şəffaf monitorinqinin təmin olunmasından gedir.