Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şamaxı rayon sakini Aygün Məmmədovanın Şamaxı rayonu Şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı və Şəhriyar Qəsəbə Bələdiyyəsi tərəfindən qanunauyğun qaydada idarə olunmadığı aşkarlanıb.
Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiyinə görə bələdiyyə sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri T.Manafova, R.Həsəni və N.Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimələnib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin məişət tullantılarından təmizlənməsi və qəsəbədə tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Şəhriyar Qəsəbə Bələdiyyəsinə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.