Mineral gübrələrin baha olması, onun tətbiqi zamanı gübrə qalıqlarının yetişən məhsulda toplanması təsərrüfat sahiblərini alternativ üsulları tətbiq etməyə vadar edir. Bu üsullardan biri də kompostlardan istifadə etməkdir.
Biosfer.az xəbər verir ki, Gəncə Aqrobiznes Assosiasiyasının ekoloji kənd təsərrüfatı üzrə mütəxəssisi Həbib Abbasov AZƏRTAC-a kompost, onun təsərrüfat əhəmiyyəti, tərkibi, hazırlanması və istifadə qaydaları haqqında danışıb.
Kompostun müxtəlif növ üzvi tullantılardan alınan gübrə olduğunu deyən Həbib Abbasov bildirib ki, onun tərkibində olan qida maddələri bitki tərəfindən asan mənimsənilir. Kompost torpaqda olan mikroorqanizmlərin həyat fəaliyyətini gücləndirir ki, bu da torpağın fiziki və mexaniki tərkibinin yaxşılaşmasına səbəb olur. Torpaqların hava və su rejimini yaxşılaşdırır. Kompostdan istifadə torpaq üzvi maddəsinin miqdarını artırır, onu külək və su eroziyasına qarşı davamlı edir. Bitkilərin xəstəlik və ziyanvericilərə qarşı davamlılığı (immuniteti) güclənir, meyvə və tərəvəzlərin dad keyfiyyəti və saxlanma müddəti xeyli artır. Ən əsası isə kompostun tətbiqi ilə alınmış məhsul tamamilə ekoloji təmiz məhsul hesab olunur. Həmçinin ətraf mühitin çirklənməsinin qarşısı alınır.
Həbib Abbasov kompostun tərkibində əsas qida maddələrinin hər birinə rast gəlindiyini bildirərək, onu hazırlamaq qaydasını da izah edib.
“Kompostu hazırlamaq üçün tərkibində azot və sellüloza olan üzvi tullantılardan istifadə edilir. Azot ilə zəngin tullantılara heyvan və quş peyini (küləşli peyin), ərzaq, meyvə və tərəvəz qalıqları, paxlalı bitkilərin küləşi, biçilmiş ot, yaşıl qarğıdalı və digər yaşıl bitkilər daxildir. Sellüloza ilə zəngin olan qalıqlara isə quru yarpaqlar, küləş, ağac qabığı və qırıntıları daxildir. Kompostlaşdırma üçün bitki materialı, heyvan peyini, oduncaq külü, eyni zamanda, təbii mineral fosfor gübrəsi yararlı material hesab olunur. Ayrılıqda fosfor üzvi maddələrə birləşir və beləliklə torpaq mineralları tərəfindən az udulur. Ona görə də fosforu birbaşa torpağa tətbiq etməkdənsə, komposta əlavə etmək daha yaxşıdır. Gilli torpağın kiçik miqdarı kompostlaşma prosesini və kompostun keyfiyyətini yaxşılaşdırır. Onlar başqa materiallarla qarışdırılır, yaxud qida maddələri itkisini azaltmaq üçün qalağın örtülməsində istifadə edilir”, – deyə Həbib Abbasov vurğulayıb.
Pas yaxud virus kimi xəstəliklərə yoluxmuş bitki materialları, günəş altında ilkin qurudulmamış davamlı çoxillik alaqlar, qeyri-təbii mənşəli metal, yaxud plastik materiallar, sərt tikanları olan bitkilər kompostlaşma üçün yararsız hesab olunur.
Gəncə Aqrobiznes Assosiasiyasının mütəxəssisi bildirib ki, material nə qədər zərif və səthi çox olarsa, o qədər onun bakteriyalar tərəfindən həzm olunması da asanlaşır. Kompost hazırlamaq üçün materialın ideal uzunluğu 2-5 santimetr olmalıdır. Əgər bəzi materiallar, məsələn xırda ot, mətbəx tullantısı, kül daha kiçikdirsə, qalağın yaxşı aerasiyasını təmin etmək üçün ümumi kütlə daha böyük həcmli materiallarla qarışdırılmalıdır. Üç hissəyə bölünmüş və hər biri üçdəbir nisbətinə malik böyük həcmli material (xırdalanmış budaqlar və ağac qabığı, əvvəlki kompostdan ayrılmış irihəcmli materiallar), orta zəriflikdə material (saman, yarpaqlar, bitki qalıqları) və zərif material (məişət tullantıları, heyvan peyini ) ideal kompostlaşma prosesinin getməsi üçün əla qarışıq hesab olunur.
Həbib Abbasov qeyd edib ki, kompostu quyuda və ya qıraqları bərkidilmiş torpaq üstü topalarda hazırlamaq olar. Ən yaxşı üsul qıraqları 1–1,5 metr hündürlükdə bağlanmış topalarda hazırlamaqdır. Topanın həcmi minimum 2-3 kubmetr olmalıdır. Kompost hazırlanacaq yer səthinə 20-25 santimetr qalınlığında küləş və ağac ovuntusu tökmək məsləhətdir. Daha sonra bu təbəqənin üzərinə qarışıq olaraq və ya lay-lay şəklində olmaqla, kompost hazırlanacaq materiallar tökülür. Bu materiallara kompostun alınmasını tezləşdirmək üçün mütəmadi olaraq su əlavə olunur. Nəmlik mikrobioloji prosesləri və üzvi qalıqların parçalanmasını tezləşdirir. Eyni zamanda, ən azı 10 gündən bir qarışdırılmalıdır ki, kompost daha tez müddətə hazır olsun.
Kompost hazırlanacaq yerin kölgəlik olması daha məsləhətdir. Əgər belə yer olmazsa, o zaman isti aylarda kütlənin üzərini rəngli polietilen örtük ilə örtmək lazımdır ki, günəş şüaları bakteriyaları məhv etməsin. Bu cür aparılan işlər nəticəsində 2-3 aya tam hazır kompost almaq mümkündür.
“Bu cür gübrəni – kompostu bütün bitkilərə tətbiq etmək mümkündür. Xüsusilə tərəvəz bitkilərinin əkinlərində yüksək səmərə verir. Belə ki, mineral gübrələrdən fərqli olaraq kompost üzvi gübrə olduğundan onun tətbiqi nəticəsində alınan məhsul tam olaraq təhlükəsiz sayılır. Kompost torpağa əkindən qabaq torpağın qidalılıq dərəcəsindən asılı olaraq müxtəlif dozalarda, hər hektara 10–15 ton olmaqla verilə bilər”, – deyə mütəxəssis bildirib.