IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə aprelin 18-də Bərdədə aztəminatlı ailələr üçün nar bağları salınıb.
Biosfer.az xəbər verir ki, Bərdə rayonunun Uğurbəyli kəndi ərazisində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib. Bildirib ki, aztəminatlı ailələr, Qarabağ müharibəsi əlili və şəhid ailələri üçün salınan meyvə bağları onların maddi vəziyyətinin yaxşılaşdırılmasına, həmçinin ekoloji tarazlığın qorunmasına töhfə verəcək.
Yeni meyvə bağlarının salındığı torpaq sahələrinin sənədləri sahiblərinə təqdim edildikdən sonra iki hektar sahədə ağacəkmə aksiyasına start verilib. Aksiya zamanı könüllü gənclərin iştirakı ilə ərazidə 1000 ədəd nar tingi əkilib. Salınan meyvə bağları Qarabağ müharibəsi əlili və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Ağacəkmə aksiyasından sonra Bərdə rayon Mədəniyyət Mərkəzinin təqdim etdiyi şən mahnılar səsləndirilib, milli geyimli məktəblilər, ağacəkmə aksiyasında iştirak edən gənclər rəqs ediblər. Aksiya iştirakçıları üçün çay və şirniyyat süfrəsi açılıb.
Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan və Sabirabad rayonlarında fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə, 13 minə yaxın meyvə ağacları əkilib və 38 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib. Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihə çərçivəsində aprelin 17-də Ağcabədi rayonunda da ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyaları oktyabr-noyabr aylarında İmişli, Qazax, Qəbələ, Göygöl, Lerik və Quba rayonlarında, gələcəkdə isə ölkənin digər regionlarında təşkil ediləcək.