Martda respublika ərazisində 94 sürüşmə hadisəsi qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası martda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Nəticədə respublika ərazisində 94, Bakıda 22 sürüşmə hadisəsi qeydə alınıb.

Biosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Bundan əlavə, Binəqədi rayonunda, I Mədən yaşayış sahəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində təbii amillərin təsirindən subasma prosesində nisbi aktivlik müşahidə olunub. Abşeron rayonunda Nübar qəsəbəsində atmosfer yağıntıları və texnogen amillər sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə təbii və texnogen faktorlar sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub. Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntıları səbəbindən subasma prosesinin dinamikası nisbətən aktivləşib.

Paylaş