Bakı şəhərində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi.
Biosfer.az xəbər verir ki, layihə İDEA İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlib. Layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Bu gün istifadəyə verilən həyət Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində 252 ailənin məskunlaşdığı 4 çoxmərtəbəli binanı əhatə edir. Ərazi 1.8 hektardır. Həyətdə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası idman alətlərindən ibarət kiçik meydança salınıb, böyük şahmat lövhəsi yaradılıb. Həmçinin çoxmənzilli binaların fasadları və giriş hissələri tam təmir olunub. Həyətin ərazisində olan yaşıllıqlar bərpa olunub, əlavə olaraq 100 ədəd ağac əkilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rəsmi şəxslər, təşkilatların nümayəndələri və başqaları iştirak ediblər.
Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Layihənin Bakı şəhərinin bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulub. Bakının abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin İDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.