Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara zonası çaylarında 10-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 100 faizini təşkil edir.
Departamentdən Biosfer.az-a bildirilib ki, martın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 398 kubmetr olmaqla ongünlük normanın 149 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 233 kubmetr təşkil edərək ongünlük normanın 87 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 34 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 96 kubmetr olmaqla ongünlük normanın 102 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 55 kubmetr təşkil edərək ongünlük normanın 59 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb, lakin Surrada 1, Bankədə isə suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 360 (2017-ci il martın 12-də 386 sm), Şirvanda 207 (2017-ci il martın 12-də 259 sm), Salyanda 153 (2017-ci il martın 12-də 198 sm), Bankədə 180 (2017-ci il martın 12-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 santimetr (2017-ci il martın 12-də 90 sm) təşkil edir.