Canlı varlıqların elektrik enerjisi buraxdıqları çox-çox əvvəllərdən məlumdur. Gərginliyi təmin edən ən güclü orqanlar əzələ və sinirlərdir. Bütün əzələ lifləri elektrik yükü daşıyır. Heyvanlar arasında elektrikə və işıqlı orqanlara malik olanları var və bu, onlara özünü müdafiə etməkdə, istiqamət tapmaqda və bəzi cinslərarası yaxınlaşmalarda yardım edir.
Biosfer.az xəbər verir ki, dənizdə və şirin suda yaşayan yüzlərlə növ elektrikli balıqlar var. Onların əzələ və sinir toxumalarından yaranmış xüsusi orqanlarda elektrik cərəyanı istehsal olunur. Həmin elektrik cərəyanı əksər hallarda bir iynə batması qədər zəifdir. Bəzi balıq növləri isə sarsıdıcı gücə malik elektrik cərəyanı istehsal edir. Həmin proses həqiqi mənada bir elektrik boşalmasıdır, yaratdığı təsir isə gerçək bir elektrik vurmasıdır.
Torpil balığı və elektrikli ilan balığı həmin balıqların ən tanınmış növləridir. Həqiqi ilan balıqları ilə heç bir əlaqəsi olmayan və şirin su hövzələrində yaşayan elektrikli ilan balığının 2.5 metrə qədər uzunluğunun beşdən dördü, xüsusilə quyruq hissəsi elektrik orqanları ilə örtülüdür. İlan balığı bir dəfədə 500-600 volt cərəyan boşaldaraq böyük heyvanları iflic edə bilir.
Elektrikli balıqlarda, başdan quyruğa qədər uzanan elektrik orqanları batareya hissələri kimi bir-birinə yapışaraq disk şəklində bölünmüş kiçik sütuncuqlardan meydana gəlir. Sinir sisteminin təsiri ilə həmin sütuncuqları təşkil edən yüzlərlə diskin alt səthləri müsbət elektrik yükü, o biri səthləri isə mənfi elektrik yükü ilə yüklənmiş olur. Beləliklə, disk yığımı tam bir “batareya” halına gəlir. Həmin canlı “batareya” beyindən gələn sinir impulslarından asılıdır. Balıq onu təhdid edənə elektrik ötürərək iflic vəziyyətinə salır.
Balıqların bədənində gedən elektrik boşalması davamlı deyil. Yığılan elektriki boşaldandan sonra yenidən elektrik toplanması üçün aradan bir müddət keçməlidir. Elektrikli balıqların vurmaları zamanı şiddətli ağrı, hətta süstləşmə ola bilər, bəzi hallarda isə öldürücü təsir göstərir. (AZƏRTAC)