2017-ci il ərzində su hövzələrində bioloji resursların artırılması və mühafizəsisahəsində görülmüş işlər
Su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi və mühafizəsi sahəsində 2017-ci il ərzində 437,5 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 8,383 mln. ədəd nərəcinsli, 190,075 min ədəd qızılbalıq və 428,93 mln. ədəd çəkikimi balıq körpələri artırılıb Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb. Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Burada süni yetişdirilmiş ana balığından cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilir.
Hesabat ili ərzində 10 hüquqi və 125 fiziki şəxsə balıq ehiyatlarından sənaye məqsədlərilə istifadə etmək hüququ verilib və bu məqsədlə 565 ton kilkə, 94,5 ton siyənək və 366 ton axçalı balıqların ovuna kvotalar ayrılıb. Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 1.5 ton nərə cinsli, digər balıqartırma zavodlarını törədici balıqlarla təmin etmək üçün 2.1 ton cəkikimi balıq növlərinin, həmçinin elmi-tədqiqat məqsədlərilə 2 ton nərə cinsli balıq növlərinin ovlanmasına icazələr verilib.
2017-ci il ərzində Departament tərəfindən 272 qanun pozuntusu aşkar edilərək, 122 nəfər şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. 100 protokol və 172 akt tərtib edilib. Su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51229 manat məbləğində iddia qaldırılıb. 6 iş rayon məhkəmələrinə, 85 iş isə cinayət xarakterli olduğuna görə hüquq-mühafizə orqanlarına göndərilib.