Firdovsi Əliyev: Qlobal istiləşmə su ehtiyatlarına da öz təsirini göstərir

Google+ Pinterest LinkedIn Tumblr +

Qlobal istiləşmə hazırda bütün dünyada çox böyük narahatlığa səbəb olur və təbiətdə mövcud olan suyun miqdarına da təsir göstərir. Beynəlxalq qurumların hesablamalarına görə, su ehtiyatlarının həcminə görə Azərbaycan 105-ci yerdədir. Cənubi Qafqazda olan su ehtiyatlarının yalnız 15 faizi ölkəmizin payına düşür. Azərbaycanın suya olan tələbatının 70 faizi Kür, Araz, Samur və digər çaylar vasitəsilə xaricdə formalaşır. Əslində ölkəmizdə su ehtiyatlarının vəziyyəti kritik deyil, lakin havaların isti keçməsi onu həmin həddə yaxınlaşdıra bilər. On ilin proqnozları göstərir ki, son yüz ildə planetin əhalisi 7 dəfə artıb. Təbii ki, bu da suya tələbatın artmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O, su ehtiyatlarının azalması barədə fikirlərini bölüşərək bildirib ki, Azərbaycan dünyanın bir hissəsi olduğuna görə, həmin məsələlərin aktuallığı ölkəmizdə də özünü göstərir. Son on ilin proqnozlarına əsasən, ölkəmizə düşən yağışların miqdarı 8,7 faiz azalıb və qarşıdakı on ildə isə yağıntıların 8 faiz azalacağı ehtimal edilir. Bu il yerli mütəxəssislərin apardığı qarölçmə işlərinin nəticəsi göstərir ki, əvvəlki illərlə müqayisədə qarın səviyyəsi 17 faiz düşüb. Əlbəttə, bunlar məsələnin həddindən artıq aktuallığını bir daha ortaya qoyur və planetdə gedən qlobal istiləşmə su ehtiyatlarına da öz təsirini göstərmiş olur.

Həyatın mövcudluğu üçün su çox mühüm faktordur və hər bir vətəndaş özündə istehlakçı məsuliyyəti hiss etməli, hansı qurumda və harda çalışmağından asılı olmayaraq, hər yerdə sudan qənaətlə istifadə etməlidir. Belə şəraitdə iri su istehsalçıları suyun təkrar istehsalı haqqında düşünməlidirlər. İlkin hesablamalara görə, bir kubmetr çirkli su 40-50 kubmetr təmiz suyu çirkləndirərək yarasız hala salır. Ölkəmizdə qəbul edilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq iri müəssisələr tikinti-quraşdırma işləri apararkən istismar edilən suyun hara axıdılmasına diqqət yetirməlidirlər. Təəssüf ki, əksər hallarda istifadə edilən su sututarlara, göllərə, çaylara və Xəzərə axıdılaraq ətraf mühitin çirklənməsinə səbəb olur.

Firdovsi Əliyev qeyd edib ki, sudan qənaətlə istifadə edilməyən hər yerdə su itkiləri olur. Azərbaycan aqrar ölkə olduğuna görə sudan qənaətlə istifadə edilməsi çox vacib məsələdir: “Qeyd edim ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə tikilən Xanbulançay su anbarı, Vayxır su dəryaçası və digər anbarlar bu sahədə çox böyük rol oynayır. Prezident İlham Əliyev də həmin ənənəni davam etdirərək Şəmkirçay, Tovuzçay su anbarları, Taxtakörpü qəsəbəsi, Oğuz-Qəbələ-Bakı su kəmərini inşa etdirərək, su ehtiyatları sahəsində mühüm və vacib işlərin görülməsinə nail olub”.

Nazir müavini müsahibənin yekununda deyib: “Susuz həyat olmadığına görə hamı onun hər damlasının qədrini bilməli və istifadəsinə son dərəcə qənaətlə yanaşmaldır. Vəziyyət kritik həddə olmasa da, “həyəcan təbili” çalmağın vaxtıdır. Məsələn, deyək ki, neft tükənən sərvətdir, lakin onun olmadığı şəraitdə hansısa alternativ enerji ilə əvəz edilə bilər. Amma suyu heç nə ilə əvəz etmək olmaz və ona görə də yetər ki, bunu hamı başa düşsün və həmin təbii sərvətin qədrini bilsin”.

Paylaş