Hindistan və Banqladeşdə qasırğa 14 nəfərin həyatına son qoyub

Google+ Pinterest LinkedIn Tumblr +

“Amphan” siklonu Hindistanın şərqində və Banqladeşdə minlərlə evi dağıdıb və azı 14 nəfərin həyatına son qoyub.

Biosfer.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, siklonun ilk zərbəsi Hindistanın sıx məskunlaşmış Qərbi Benqaliya ştatına dəyib. “Qasırğa ştatın bütün cənub hissəsinə ciddi zərər vurub, evlər və körpülər dağılıb, elektrik təminatında problemlər yaranıb”, – deyə Qərbi Benqaliyanın Baş Naziri Mamata Banerci mətbuat konfransında bildirib.

Baş Nazirin sözlərinə görə, təkcə bu ştatda təbii fəlakət 10 nəfərin həyatına son qoyub. Həmçinin Qərbi Benqaliya və Orissa ştatlarında 450 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Siklon səbəbindən qonşu Banqladeş ərazisində də ən azı dörd nəfərin həlak olduğu bildirilir. Hakimiyyət orqanları 2 milyondan çox insanı təhlükəli zonalardan çıxarıb, hərbçilər yüksək hazırlıq səviyyəsinə gətirilib.

Eyni zamanda, koronavirus pandemiyasının qasırğaya hazırlığı çətinləşdirdiyi də bildirilir. Qərbi Benqaliya ştatının polis orqanları insanların COVID-19 infeksiyasına yoluxma qorxusundan sığınacaqlarda qalmaq istəmədiklərini deyib.

Qeyd edək ki, meteoroloqların məlumatına görə, “Amphan” Benqal körfəzində 1999-cu ildə 9 min insanın həyatına son qoyan qasırğadan sonra ən böyük siklondur.

Paylaş