Bu gün Beynəlxalq Meşələr Günüdür

Google+ Pinterest LinkedIn Tumblr +

Martın 21-i dünyada həm də Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Biosfer.az BMT-nin Ərzaq və Kənd Təsərrüfatının saytına istinadla xəbər verir ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr Günü elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.

Builki Meşələr Gününün mövzusu “Meşələr və Biomüxtəliflik: İtirmək üçün çox qiymətli”dir. Yer kürəsinin ən qiymətli təbii sərvəti hesab olunan meşələr Planetin quru səthinin üçdəbirini tutur. Hazırda dünyada meşələrin ümumi sahəsi 38 milyon kvadratkilometrə yaxındır. Bunun 13 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir.

Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir və bunun nəticəsində yaşıllıqlar kənd təsərrüfatı ehtiyacları üçün, eləcə də ticarət, yanacaq və s. məqsədlə qırılır. Meşələrin kütləvi şəkildə qırılması “istixana effekti”nə şərait yaradır.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu – Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə nazirliyin departamenti ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərib, o cümlədən 14 min hektarda meşəbərpa tədbirləri aparıb. Görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ötən ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində, ümumilikdə 2 milyona yaxın ağac əkilib. Bu il isə daha çox ağac əkilməsi planlaşdırılır.

Nazirlik martın əvvəllərində “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında yaz ağac əkini mövsümünə start verib. Martın 18-nə olan son məlumata görə, ağacəkmə mövsümü başlayandan regionlarda 150 hektar sahədə 174 min 350 müxtəlifcinsli ağac əkilib.

Ölkəmizdə qiymətli bitki və ağac növlərinin qorunması üçün milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları da fəaliyyət göstərir. Lakin görülən tədbirlərə baxmayaraq, işğal altındakı ərazilərdə vəziyyət heç də ürəkaçan deyil. Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan vurulub. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min hektardan artıq meşə sahələri işğal altında olmaqla vəhşicəsinə qırılaraq talan edilir. Orada bitən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınır.

Bu gün bir sıra ölkələrdə, həmçinin Ağaclar Günü kimi də qeyd olunur. Bununla yanaşı, hər il martın 20-21-də Ümumdünya Yer kürəsi Günü də qeyd edilir. Ümumdünya Yer kürəsi Günü 1971-ci ildə təsis olunub və hər il yaz gecə-gündüz bərabərliyi günündə qeyd edilir. Yer Kürəsi Gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Gününün beynəlxalq səviyyədə qeyd olunmasına başlanılıb. Ümumilikdə isə Yer kürəsi Günü əsasən iki tarixdə – martın 20-21-də və aprelin 22-də qeyd olunur.

Paylaş