Yaşıldonlu “ağciyər”in həyatverən funksiyası

Google+ Pinterest LinkedIn Tumblr +

Yer kürəsinin ən qiymətli təbii sərvəti adlandırılan meşələr planetin quru səthinin üçdəbirini tutur. Hazırda dünyada meşə örtüyünün sahəsi 4 milyard hektardır. Meşə ilə örtülü sahələrin ölkələr üzrə sıralanmasında şimal qonşumuz olan Rusiya Federasiyası birinci yeri tutur – 809 milyon hektar. Siyahının ilk üçlüyünə ərazisinin 478 milyon hektarı meşə ilə örtülü olan Braziliya və 310 milyon hektar meşə sahəsinə malik Kanada da daxildir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir.

Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.

Dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir və bunun nəticəsində yaşıllıqlar kənd təsərrüfatı ehtiyacları üçün, eləcə də ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56 faizi meşə ilə örtülü olub. Hazırda isə bu göstərici 30 faizə qədər enib. Meşələrin kütləvi şəkildə qırılması “istixana effekti”nə şərait yaradır.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir.

Meşələrin faydası

Meşələr Yer üzərində həyat üçün ən mühüm ünsürləri – oksigen, su, qida kimi əsas maddələrin tarazlığını təmin edir, havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan təmizləyir. Başqa sözlə desək, bir növ filtr, süzgəc rolu oynayır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır. Bundan başqa, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Deyilənə görə, 1 hektar meşə 200 nəfərin nəfəs almasını təmin edir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat metodiki bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, mütəxəssislərin fikrincə, meşənin bir hektarı 500 nəfərin nəfəsi ilə yayılan karbon qazını udur. Yeri gəlmişkən, hər sakininə 50 ağac düşən şəhər ekoloji cəhətdən təmiz hesab olunur. Təəssüf ki, milyonlarla əhali yaşayan iri şəhərlər haqqında bunu demək olmur. Yeni əkilən ağaclar daha çox oksigen verir. Ona görə də xüsusilə əhalinin sayı çox olan iri şəhərlərdə mütəmadi olaraq yeni ağaclar əkilməsi vacib məsələdir. Yaşıllıq zonaları şəhərin havasının təmizlənməsində müstəsna rol oynayır. 24 saat içində bir ağac orta hesabla üç nəfərin tənəffüsü üçün lazım olan oksigen sintez edir. Günəşli bir gündə bir hektar meşə sahəsi havadan 220-280 kiloqram karbon qazı udur və 180-200 kiloqram oksigen buraxır. Bir hektar iynəyarpaqlı ağac ildə 40 tona qədər, yarpaqlı ağaclar isə təxminən 100 tona qədər toz tutur.

Azərbaycanda həyata keçirilən meşəbərpa tədbirləri

Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”. Ulu Öndərin sözləri təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir.

Ümummilli Liderin həyata keçirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması daim ölkə başçısının diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın “Hərəyə bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllıqların çoxaldılması sahəsində çox böyük işlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib və yaşıllıqların artırılması, mühafizəsi istiqamətində müxtəlif layihələr, proqramlar icra olunub. Ötən il dekabrın 6-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına verilən ən böyük töhfələrdən biridir.

Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu – Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərib, o cümlədən 14 min hektarda meşəbərpa tədbirləri aparıb. Görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev AZƏRTAC-a bildirib ki, ötən ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində, ümumilikdə 2 milyona yaxın ağac əkilib. Bu il isə daha çox ağac əkmək planlaşdırılır.

Nazirlik martın əvvəllərində “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında yaz ağac əkini mövsümünə start verib. Martın 18-nə olan son məlumata görə, ağacəkmə mövsümü başlayandan regionlarda 150 hektar sahədə 174 min 350 müxtəlifcinsli ağac əkilib.

Ölkəmizdə qiymətli bitki və ağac növlərinin qorunması üçün milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları da fəaliyyət göstərir.

Lakin görülən tədbirlərə baxmayaraq, işğal altındakı ərazilərdə vəziyyət heç də ürəkaçan deyil. Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan vurulub. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min hektardan artıq meşə sahələri işğal altında olmaqla, vəhşicəsinə qırılaraq talan edilir. Orada bitən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınır.

Meşələri “təbiətin ağciyəri” adlandırırlar. Yaşıllaşdırma və ağacəkmə tədbirləri müntəzəm və davamlı surətdə aparılmalıdır ki, bizi mer-meyvə, odun-ocaqla təmin edən, karbon qazını udan, səs-küyün qarşısını alan, ətraf mühiti təmizləyən və ən nəhayət, oksigen bəxş edən meşələr sağlam ağciyər kimi təbiətə nəfəs verə bilsin…

Paylaş