Antarktikada rekord isti

Google+ Pinterest LinkedIn Tumblr +

Braziliyalı meteoroloqlar bildirirlər ki, Antarktidanın şimal ucunda yerləşən Simor adasında havanın temperaturu müsbət 20,75 dərəcə Selsiyə çatıb. Antarktikada belə yüksək temperatur tarixdə ilk dəfədir müşahidə olunub.

Biosfer.az bu barədə BBC-yə istinadla xəbər verir.

Lakin braziliyalı alim Karlos Şeferin sözlərinə görə, fevralın 9-da müşahidə edilən bu göstərici nadir xarakter daşıyır və uzunmüddətli ölçmələr seriyasının bir hissəsi deyil. Bu səbəbdən də onu iqlim dəyişmələrində amillərin proqnozlaşdırılması zamanı istifadə etmək olmaz.

“Bu, sadəcə göstəricilərdən biridir və həmin rayonda nə isə qeyri-adi hadisənin baş verməsi barədə siqnaldır”, – deyə meteoroloq bəyan edib.

Antarktida qitəsində ötən həftə də rekord səviyyədə yüksək temperatur müəyyən edilib – Antarktika yarımadasında temperatur müsbət 18,3 Selsiyədək qalxıb.

Dünya Meteorologiya Təşkilatının göstəricilərinə görə, son 50 ildə Antarktikada orta temperatur təxminən 3 dərəcə Selsi artıb. Antarktidanın qərb ucundakı buzlaqların təqribən 87 faizi qitənin dərinliyinə geri çəkiliblər.

Dünya Meteorologiya Təşkilatı hesab edir ki, son 12 il ərzində buzlaqların sahəsinin azalma sürəti qlobal istiləşmənin təsiri altında artıb.

Paylaş