Ekodəhliz Azərbaycanda hansı əraziləri əhatə edir?

Google+ Pinterest LinkedIn Tumblr +

Cənubi Qafqazda “Ekoloji Dəhlizlər Proqramı” Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişafı üçün Federal Nazirliyinin (BMZ) və İnkişaf Bankının (KfW) maliyyə dəstəyi ilə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ofisi tərəfindən həyata keçirilir. Bu proqram çərçivəsində “GOPA” məsləhətçiləri, “DFS” və “HessenForst konsorsiumu” məsləhət xidmətləri göstərir.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Bakı ofisindən AZƏRTAC-a bildiriblər ki, proqramın başlıca məqsədi xüsusi mühafizə olunan təbiət əraziləri, yəni qoruqlar, milli parklar arasındakı dəhlizlərdə növlərin miqrasiyasını və sərbəst hərəkətini təmin etmək, yerli əhalini iqtisadi instrumentlər vasitəsilə bu növlərin mühafizəsinə dəstək olmağa cəlb etməkdir.

Proqram çərçivəsində yaradılmış “Ekoregional Dəhlizlər Fondu” davamlı torpaq istifadəsi praktikasını dəstəkləyir. Bu fond WWF tərəfindən idarə olunur, ilk mərhələdə BMZ tərəfindən maliyyələşdirilsə də, digər fondlar üçün də açıq olan uzunmüddətli maliyyə resursudur. Bu maliyyə resursu seçilmiş ekodəhlizlərdə yaşayan yerli kənd əhalisinin torpaqlarını ekoloji cəhətdən düzgün idarə etməsinə kömək məqsədi daşıyır.

Layihə Azərbaycanın Böyük Qafqaz dağlarında 2015-ci ildən etibarən həyata keçirilir. Ekodəhliz Azərbaycanda 10 inzibati rayon, 3 xüsusi mühafizə olunan təbiət ərazisi və 5 icma klasterini əhatə edir.

Layihə çərçivəsində 3 icma – Quba rayonunda Qonaqkənd və Xınalıq kəndi ətrafındakı və Zaqatala-Qax bölgəsində Parsidan ətrafındakı icmalar klasteri ilə bağlanmış müqavilələrə əsasən ümumi sahəsi 35 min 246 hektar olan ərazi təbiəti mühafizə məqsədləri ilə növbəti 10 il müddət üçün dincə qoyulub.

Fevralın 7-də keçiriləcək “Ekoloji Dəhlizlər Proqramı”na həsr olunmuş tədbirin əsas məqsədi bu günə qədər layihə çərçivəsində icra olunan və gələcək planlar haqqında müzakirələr aparmaqdır.

Paylaş