Yeni Zelandiya su altında qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Yeni Zelandiyanın cənubunda güclü yağışlardan sonra əmələ gələn daşqınlar yüzlərlə insanın təxliyəsinə səbəb olub.

Biosfer.az yerli KİV-lərə istinadla xəbər verir ki, hakimiyyət orqanları təbii fəlakət nəticəsində bəzi regionlarda fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, daşqınlar yollarda nəqliyyatın hərəkətinin dayanmasına səbəb olub, məktəblər bağlanıb.

Qor dairəsinin sakinləri Mataura çayının sahillərinə qum kisələri daşıyaraq, daşqınların qarşısını almağa çalışırlar. Həmin dairənin meri Treysi Hiks bildirib ki, Mataura çayda suyun səviyyəsinin bu qədər qalxdığını birinci dəfə görür.

Fevralın 5-də təqribən 2400 sakinə evlərinə dönmək icazəsi verilsə də, hakimiyyət orqanları bir neçə yüz sakinin təxliyə olunmasını tövsiyə edib.

Yeni Zelandiyanın tanınmış turist mərkəzlərindən biri olan Milford Saund regionunun yaxınlığında 230 turistin daşqınlar ərazisində qaldığı bildirilsə də, əlaqədar qurumlar onların helikopter vasitəsilə təxliyə olunduğunu bəyan edib.

Daşqınlar ölkənin əsas istehsal sahəsinə də böyük ziyan vura bilər. Yeni Zelandiya Süd Sənayesi Analitik Mərkəzinin yaydığı məlumata görə, təqribən 100 ferma su altında qalıb. Hakimiyyət orqanları fermerlərin mal-qara üçün saman ehtiyatının məhv olacağından ehtiyat edir.

Paylaş