Meşələrin mühafizəsi məqsədilə quraşdırılan kameraların mobil versiyası hazırlanacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Meşələrin mühafizəsi məqsədilə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala rayonlarındakı meşələrə investisiya çərçivəsində quraşdırılan kameralar 24 saat fəaliyyət göstərir. Daha çox müdaxiləyə məruz qalan meşələrdə quraşdırılan kameralar həmin ərazilərin mühafizəsi üçün böyük əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavinin sözlərinə görə, kameralar mərkəzdən idarə olunur.

O, həmçinin bildirib: “Məqsədimiz həm meşələrdə mühafizəni gücləndirmək, həm də baş verə biləcək yanğınların qarşısını almaqdır. Kameraların imkanları çoxdur və 2 kilometrə yaxın ərazini əhatə edə bilir. Onlar hündür yerlərdə quraşdırılıb ki, daha geniş ərazini əhatə etsin. Yaxın günlərdə kameraların ictimaiyyət tərəfindən istifadə edilə biləcək formasını, yəni mobil versiyasını da hazırlayacağıq. Vətəndaşlar mobil telefonları vasitəsilə həmin ərazilərdəki prosesləri izləyə biləcəklər. Bu cür kameraları digər bölgələrdəki meşələrdə də quraşdırmağı planlaşdırırıq”.

F.Əliyev kameraların quraşdırılmasının ictimai nəzarətin bir forması olduğunu söyləyib.

“Azərbaycan azmeşəli ölkələrdən biridir. Ona görə də meşələrin mühafizəsində maraqlıyıq. Təbiəti hər bir vətəndaş qorumalıdır”, – deyə nazir müavini bildirib.

Paylaş