Kanberrada yanğınlara görə fövqəladə vəziyyət elan olunub

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyanın paytaxtı Kanberra şəhərində və ətraf ərazilərdə yüksək temperatur və güclü küləklər nəticəsində meşə yanğınlarının yaratdığı ağır vəziyyətə görə 72 saatlıq fövqəladə vəziyyət elan olunub.

Biosfer.az yerli KİV-lərə istinadla xəbər verir ki, Avstraliya paytaxt ərazisinin əsas naziri Endrü Barr Namaci Milli Parkında davam edən yanğınların çox təhlükəli vəziyyət yaratdığını bildirib. E.Barr qeyd edib ki, bu yanğın 2003-cü ilin dəhşətli yanğınlarından sonra yaranmış vəziyyəti xatırladır. Həmin hadisə zamanı paytaxt regionunda 4 nəfər ölüb, 500-dək ev yanıb.

“Bu yanğın çox təhlükəli ola bilər. Onun nəzarətdən çıxması tamamilə mümkündür”, – deyə E.Barr Kanberrada keçirilən mətbuat konfransında bildirib.

Yanvarın 27-də paytaxtın cənub hissəsində başlamış yanğınlar buradakı əmlaka təhlükə yaratmasa da, artıq ümumi ərazinin səkkiz faizini əhatə edib.

Son bir neçə ay ərzində ətraf meşələrdə davam edən yanğınlar nəticəsində Kanberra sıx tüstü dumanı ilə əhatə olunub. İlk dəfədir ki, paytaxt ərazisi fövqəladə səviyyədə yanğın təhlükəsi ilə qarşılaşıb.

Paylaş